20 may 2024 23:31
294

Dərin kökləri və qədim tarixi olan dostluq - Azərbaycan-İran

Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə  xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. 

İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. Hələ 1920-ci il martın 20-də İran-Azərbaycan “Dostluq müqaviləsi” iki ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olmuşdur. İran Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf         etdirib.

Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır.  Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İrana səfəri zamanı tərəflər arasında bir sıra sazişlər imzalanıb.

İki ölkə arasında keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır.Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq.

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərəcək. İran və Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında,  İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) və BMT-də bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətlərini, niyyətlərini ifadə edirlər. Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır.

Bu gün nəinki ölkələrimiz, həmçinin daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə  göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Daşımalar bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.

Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Hazırda Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub  Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Azərbaycanın azad edilmiş torpaqlarında bu gün genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik. Azərbaycan ilə İran arasında energetika sahəsində çox böyük planlar mövcuddur. 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq. İki dost ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır.

Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli yerlərdən birini tutmuşdur. Bu isə iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Bu, eyni zamanda, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.

Yaqut Ağaşahqızı, “İki sahil”