22 may 2024 02:15
785

Ermənistan yox, Qərbi Azərbaycan...

Prezident İlham Əliyev: Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilmiş birgünlük antiterror tədbirləri zamanı qazandığı şanlı qələbələr Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla yanaşı, tarixi ədalətin bərpa edilməsinə imkan yaratması baxımından da müstəsna əhəməyiyyətə malikdir. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan indi xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək əzmindədir. Cənubi Qafqazın ən qüdrətli dövləti kimi Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlar fonunda növbəti hədəflərindən biri də Qərbi azərbaycanlıların pozulan hüquqlarının tanınmasına və onların əzəli yurdlarına qayıdışına nail olmaqdır. Bu hədəfə çatmaq öz tarixi ata-baba torpaqlarından zorla deportasiya edilmiş yüz minlərlə soydaşımızın ən böyük arzusunun, xəyalının gerçəkləşməsi deməkdir. Çünki Qərbi Azərbaycan sevgisi, əzəli yurdumuza olan bağlılıq xalqımızın tarixi yaddaşında və milli şüurunda əbədi yaşayır.

Tarixi mənbələr sübut edir ki, “dənizdən-dənizə böyük Ermənistan” xülyasına qapılan erməni millətçiləri XIX-XX əsrlərdə mütəmadi olaraq Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar bu gün Ermənistan adlandırılan ərazidən – tarixi torpaqlarından qovulub, kütləvi qətl və qırğınlara məruz qalıblar.

Azərbaycan xalqı ötən iki yüz il ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib. Milyonlarla insan erməni vəhşiliyinin acı nəticələrini bu gün də yaşamaqdadır. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər, həmçinin insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Həmin illərdə azərbaycanlılar müxtəlif bəhanələrlə, qəddarcasına Qərbi Azərbaycandakı tarixi-etnik torpaqlarından deportasiya olunublar. Sovet hakimiyyəti dövründə isə soydaşlarımızın indiki Ermənistandan dövlət səviyyəsində zorakı deportasiyası “dinc, könüllü köçürmə” adı ilə həyata keçirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, təkcə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı ovaxtkı Ermənistan SSR ərazisindəki dədə-baba yurdundan kütləvi surətdə və zorakılıqla sürgün edilib. Minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.1988-1992-ci illər ərzində də qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib. Belə ki, Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə məruz qoyulub. Hadisələr zamanı 216 nəfər azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Bu tarixi faciələrə hüquqi-siyasi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər

1997-ci ildə 28 May-Respublika Günü münasibətilə təntənəli yığıncaqda azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: “O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş verib. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıb”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də Ümummilli Liderin uzaqgörən siyasətini layiqincə davam etdirərək Qərbi azərbaycanlıların problemlərinə hər zaman həssaslıqla yanaşır, onların öz tarixi torpaqlarına qayıdışının hüquqi əsaslandırılmasının təmin edilməsini diqqətdə saxlayır. Dövlət başçımız 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı qətiyyətlə vurğulamışdır ki, vaxtilə öz yurdundan deportasiya edilən yüzminlərlə soydaşımız da tarixi torpaqlarına qovuşacaqlar: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Məhz Prezident İlham Əliyevin diqqəti və konseptual tövsiyələri əsasında Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan İcmasının yaradılması, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın qəbul edilməsi əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amillərə çevrilib. Bütün bunlar dərin inam yaradır ki, Qərbi Azərbaycana qayıdış hərəkatının əsaslı nəticələri özünü tezliklə göstərəcək, yüz minlərlə insanın yenidən öz doğma Vətənlərində yaşamaq arzuları reallığa çevriləcək. Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan isə əsrlər böyü törətdiyi çoxsaylı cinayətlərə görə, beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq...

Mahir Rəsuloğlu, “İki sahil”