22 may 2024 00:23
609

Məktəblərdə klassik musiqinin tədrisi

İnsanda estetik tərbiyənin, mədəniyyətin formalaşmasında, hər bir fərdin şəxsiyyət kimi yetişməsində müsiqinin rolu danılmazdır. Müasir təlim-tərbiyə konsepsiyasında gənc nəslin incəsənət vasitə­ləri ilə tərbi­yəsinə xüsusi diqqət yetirilməsi, forma və metodlarının optimal şəraitə uyğunlaşdırılması daim yenilik tələb edən tədqiqatlardandır. Pedaqogika elmləri doktoru, professor J.Qədi­mo­vanın «Musiqinin tədrisi metodikası» dərsliyində qeyd edildiyi kimi, təhsil illəri şüurun təkmilləşməsi, öyrənmək həvəsinin formalaşdırılması baxımından ən optimal, emosiyalara maksimum açıq dövrdür. Burada müasir təşkil olunmuş tədris və tərbiyə prinsipləri, əlbəttə ki, həlledici rol oynayır”.

Şagird­lərdə klassik musiqiyə marağın və qavrama duyğularının mənəviy­yatlarının zənginləşməsi, bədii zövq və təfəkkür­lə­rinin inkişafı, düşüncə və fikir­lərinin düzgün istiqamətə yö­nəldilməsi, bəşəri klassik musiqinin forma və janrları barədə biliklərin toplanması ilə birbaşa bağlıdır. Sadə təhlil aparmaq bacarığına yiyələnmək üçün orta təhsil məktəblərində, kolleclərdə klassik musiqisinin tədrisi böyük əhəmiyyət kəsb edir.

Klassik musiqi güclü təsir vasitəsidir. Klassiklər səslərin və intona­siyaların dilindən istifadə edərək insanların bütün hiss və duyğularını çatdıra bilirlər. Klassik musiqini dərk edən insan səs formasına bürünən dünyanın bütün gözəlliklərini, zənginliyini dərk edir. Müəyyən bir əsərə xas olan bədii həyəcan­ların təsiri insanda müsbət hissləri oyadır. Klassik bəstəkarlar öz ideyalarını əsrlərin süzgəcindən keçən və ölməzlik ruhu qazandıran bədii formaya uyğunlaşdırmağı bacarıblar. Yüz illərlə yaşam haqqı qazanan sehrli melodiyalar bu gün də insanların qəlblərində yer alır, yaşamağa ruhlandırır, heyrətləndirir. Buna görə də klassik musiqidən istifadə, onun təbliği dolğun və harmonik şəxsiyyətin formalaşmasında zəruri və çox mühüm vasitədir.

Kiçik yaşlarından başlayaraq musiqi tərbiyəsi prosesində klassik musiqi nümunələrindən istifadə etməklə şagirdlərimizin musiqi qabiliyyətlərinin inkiş­afında müəyyən irəliliyişə çatmaq mümkündür. Bu məqsədlə klassik musiqi janr­larının məktəbdə istifadə olunmasının imkan və yollarının düzgün təyin edilmə­sinin xüsusi əhəmiyyəti vardır.

Təcrübə göstərir ki, şagirdlər müasir musiqi janrlarına (pop, rok, rep) daha çox meyl göstərirlər. Buna görə klassik musiqinin tədrisi prosesində şagirdlər tərəfindən klassik musiqini daha yaxşı, daha asan və dərindən mənimsəməsi və klassik musiqi ənənələrinin onların şüurunda yer alması üçün müasir janrların klassik musiqi janrları ilə sintez şəkildə tədris etmək daha faydalı olar.

Simfonik, opera, kamera və vokal musiqi janrları yeniyetmələrin ümumi inkişafında böyük rol oynayır. Klassik musiqi nümunələrinin dinlənilməsi və təhlili şagirdlərin yüksək bədii zövqünü formalaşdırır, həm də onların bədii təfək­kürlərinin və musiqi qabiliyyətlərinin inkişafına təkan verir. Şagirdlərin musiqi qabiliyyətləri dedikdə musiqini eşitmə qabiliyyəti, lad və ritm hissiyatını, harmonik və tembr eşitmə qabiliyyətlərinin inkişaf edilməsi nəzərdə tutulur. Gənclərdə klassik musiqiyə marağın formalaşdırılması üçün dünyagörüşünün, mənəvi, musiqi ilə ünsiyyət ehtiyacının nəzərə alınması önəmlidir. Ümumtəhsil məktəblərində icbari «Musiqi» fənninin tədrisində klassik musiqinin proqrama salınması bu sahə üzrə çalışan pedaqoqlar üçün həmişə aktual olub.

V.A.Suxom­linskinin fikrincə, musiqi təhsili olmadan tam zehni inkişaf müm­kün deyil. Musiqi təhsilinin əsasını isə klassik musiqi təşkil edir. Orta məktəblərdə tədris edilən «Musiqi» fənni klassik bəstəkarların əsərlərinin təbliği baxımından yeganə vasitədir. Məktəblilərin yalnız kiçik bir hissəsi konsert salonlarına, filarmoniyalara və musiqili teatrlara gedir. Evdə uşaqlar ən çox televizor, kompüter oyunları və radio musiqisi ilə məşğul olurlar. Bu cür musiqi monotonluğu uşaqların zehnində tərəddüdlər yaradır. Halbuki, klassiklərlə tanışlıq yaxşı bədii zövqün və ciddi musiqiyə marağın formalaşması yolunda bələdçidir. Uşaqların ibtidai siniflərdən başlayaraq tərbiyə aldığı musiqi dili ən asan, ən başa düşülən və gözəl olmalıdır. Çünki bu «musiqi dilindən» istifadə yeniyetmələrin daxili aləmlərini zənginləşdirəcək, yaddaşı, diqqətini, nitqini inkişaf etdirəcək ən səmərəli metoddur.

Şagirdlərdə klassik musiqini dinləmək marağını artırmaq məqsədilə onların kollektiv şəkildə opera və balet teatrına, filarmoniya və müxtəlif konsert salon­larına getmələri çoxlu miqdarda klassik musiqi əsərlərinin dinləmələri təşkil edil­məlidir. Bununla şagirdlərin dünyagörüşləri bir daha artır və onların hər bir musiqi əsəri haqqında müstəqil fikir söyləmələrinə imkan yaranır.  

Hamıya yaxşı məlumdur ki, məktəblilər ciddi klassik sənəti birmənalı şəkildə qəbul etmirlər. Yeniyetmələrin klassik musiqiyə tələbatının olmaması ilə bağlı vəziyyət əsasən onların yaş xüsusiyyətləri ilə bağlıdır. Son onilliyin tədqiqatçılarının əsərlərində musiqi mədəniyyətinin inkişafının müasir tendensiyaları nəzərə alınmaqla, «ciddi musiqiyə» «yüngül musiqi» vasitəsilə daxil olmaq ideyası daha da inkişaf etdirilir. Yeniyetmələrin klassik musiqiyə cəlb olunması üçün müasir musiqinin tədrisində klassik əsərlərdən istifadə faydalı ola bilər.

Ümumtəhsil məktəblərində musiqi dərslərində müəllim qarşısında duran vacib məsələ­lərdən biri də şagirdlərə klassik musiqini dinləmək vərdişlərini aşılamaqdır. Təcrübə göstərir ki, musiqini dinləmə qabiliyyəti tədrisin məzmununun ayrılmaz hissəsidir. Çünki, musiqinin canlı, obrazlı sənət kimi qavranılması həyatla qırılmaz şəkildə bağlıdır. «Musiqi dinləmə» vərdişi dərsin ayrı bir bölməsi olmaqla yanaşı, həm də xorla mahnı ifasında, improvizasiyalarda, musiqi haqqında düçüncələrdə, təhlildə özünü göstərən aparıcı fəaliyyətdir. Ona görə də uşaqların musiqi inkişafı kompleksli şəkildə aparılmalıdır.

Musiqi dərslərində Azərbaycan və dünya klassik əsərlərinin dinlənilməsi, həmçinin müxtəlif musiqi janrları ilə nəzəri və əyani tanışlıq şagirdlərin musiqi-estetik zövqlərini inkişaf etdirir və yüksəldir. Lakin bunun üçün dinləmə başlıca şərt olsa da onu təhlil etmək və qiymətləndirmək vacibdir.

Dərsin dinləmə mərhələsi şagirdlərin musiqi zövqünü, hisslərini, emosiya­larını yüksək əhval-ruhiyyədə tərbiyə edir. Klassik musiqi əsərləri nə qədər çox dinlənilirsə eşitmə və yaddaşda saxlama qabiliyyətləri bir o qədər təkmilləşir, əsərin özünəməxsus xüsusiyyətlərinə dəyər vermək bacarığını təkmilləşdirir. Müxtəlif dövrlərdə yaşayıb-yaratmış korifey bəstəkarların fərqli üslubda və janrlarda yazılımış əsərlərinin dinlənilməsi həmin dövr haqqında məlumat almaq imkanlarını da artırır.

Qavrama – bədii yaradıcılıq prosesinin fəaliyyəti kimi musiqi təhsilinin nəzə­riyyəsi və praktikasında ən mühüm sahələrdən biridir. Musiqini qavrama problemi subyektiv olduğuna görə ən mürəkkəb prosesdir. Musiqini qavra­yarkən insan onun gözəlliyini və digər tərəflərini (ritm, ölçü, temp, xarakterini və s.) hiss etməlidir. Sadəcə dinləmə hələ musiqi-estetik qavrama deyil. Belə ki, musiqini qavrama – müxtəlif səslərin mexaniki cəmi kimi deyil, lakin musi­qinin məzmununu (musiqili obrazların) bədii bir vahidlik kimi eşitmək və emosi­onal həyacanlanmaq qabiliyyətidir.

Məktəblilər klassik musiqini, xüsusilə də klassik musiqinin mürəkkəb janrlı əsərlərini (sonata, simfoniya, opera və s.) özləri ifa edə bilməzlər. Lakin uşaqların qavrama qabiliyyətləri nəzərə alınmaqla onların ifaçılıq imkanlarından istifadə mümkündür.

Nəzərə alamq lazımdır ki, klassik musiqini anlamaq, başa düşmək emosiyaları aktivləşdirir, istedadlarını üzə çıxarır.

Başqa sözlə deyilsə, klassik musiqinin tədrisində pedaqoq bu üsullardan istifadə etməlidir: Maraqlı giriş, şaxələndirmə, müqayisəli təhlil, müzakirə və s. Yalnız şagirdlərin estetik təcrübələri, problemli düşüncələri ilə dolu olan musiqi dərsləri onlar üçün maraqlı ola bilər. Şagirdlərlə çalışanlar klassik musiqini sevdirməyi emosional maraqlarla birləşdir­­məlidir. Məhz bu zaman istənilən nəticəni almaq mümkün olar.

Arzu Süleymanova,
Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi