22 may 2024 11:01
206

Vətən sənə canım fəda!

1991-ci ilin əvvəllərindən Qarabağ bölgəsinə ermənilərin təcavüzkar hücumları başlayan zaman Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılan igid oğullarımız ana yurdumuzu canı-qanı bahasına olsa da, onu qorudular. “Vətənə canım fəda” – deyib, düşmənin önünü kəsən qəhrəman oğullarımızdan biri də Mərifət Əhməd oğlu Nəsibovdur. Hər zaman cəbhədə ön sıralarda irəliləyən qorxmaz, vətən oğlunun bu gün doğum günüdür.

Sanki igid oğullarımız kimi Mərifət Nəsibovda vətən üçün dünyaya göz açmışdı. 1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində anadan olan qəhrəmanımız orta təhsilini bitirib, ordu sıralarına çağrılır. Vətənə xidmət borcunu yerinə yetirən Mərifət xidmətini başa vurub doğulduğu kəndə qayıdır. Ancaq o müqəddəs borcunu davam etdirərək yenidən könüllü ordu sıralarına yazılır. Həmin dövdə Qazaxın sərhəd kəndləri düşmən hücumuna məruz qalması, dinc əhalinin köməksiz olması vətənin igid oğlunu çox narahat edirdi. O, vətəninin qorunmasında, torpaqlarımızın müdafiə olunmasında böyük fədakarlıqlar edir. Onun döyüş yolu Qazaxın Quşçu Ayrım kəndindən başlayır. İlk döyüşdən düşmənə qarşı mərdliklə vuruşan qəhrəmanımızın olduğu bölmə düşmən yaraqlılarını geri çəkilməyə məcbur edir. Əlverişli mövqedə yer tutan döyüşçülərimiz düşməni susduraraq, xeyli sayda hərbi sursat ələ keçirirlər. Qatıldığı döyüşlərdə igidlik göstərən Mərifət döyüş bacarığı, şücaətləri ilə yoldaşlarının rəğbətini qazanır. Qəhrəmanımızın son döyüşü 1992-ci il yanvar ayının 23-də Qazax rayonunun sərhəddə yerləşən kəndləri uğrunda olur. Mərifət Nəsibov düşmənə qarşı verilən cavab əməliyyatlarında iştirak edərək bir çox düşmənin canlı qüvvəsini məhv edir. Bu zaman xain düşmən gülləsinə tuş gələrək ağır yaralanan qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlir. Vətənin cəsur oğlu doğulduğu kənddə dəfn olunur.

Subay olan qəhrəmanımız vətən torpaqlarının müdafiəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli, 833 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş, Qazax rayonu Heydər Əliyev adına parkda Mərifət Nəsibovun adına bulaq tikilmişdir.

Ruhun şad olsun vətən oğlu! Uğruna canını fəda etdiyin vətən torpaqları indi azad və bütövdür, əmanətiniz sizin kimi igid oğullarımız tərəfindən göz bəbəyi kimi qorunur.

Səriyyə Salahova