22 may 2024 11:55
203

Veronika Baqi: COP29 bütün region üçün mühüm hadisədir

COP29-un Azərbaycanda keçirilməsi təkcə ölkə üçün deyil, bütün region üçün mühüm hadisədir.

“İki sahil” xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasında Macarıstan nümayəndə heyətinin rəhbəri Veronika Baqi ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

“Macarıstan və Azərbaycan eyni regional - Şərqi Avropa qrupuna daxildirlər. Əslində bu, regiondakı geosiyasi vəziyyət və gərginlik səbəbindən çox mürəkkəb bir danışıqlar prosesi idi. Çünki söhbət təkcə yerləşdiyi ərazidən getmir, bu, ümumi gündəmdən və diqqəti regiona, ölkəyə necə cəlb etməkdən gedir. Deməli, bu, ölkə üçün və region üçün çox mühüm hadisədir”, - o bildirib.

Onun sözlərinə görə, “üçlük” iqlim dəyişikliyi ilə mübarizədə də mühüm rol oynayacaq.

V.Baqi xatırladıb ki, Dubayda keçirilən COP28 zamanı Ermənistan növbəti konfransın Azərbaycanda keçirilməsinə razılıq verib və bu, əlamətdar hadisə olub: “Bütün bunlar onu deməyə əsas verir ki, hətta çox fərqli təcrübələrə və gərgin münasibətlərə malik olan ölkələr belə bir araya gəlib ümumi razılığa gələ bilərlər”.