23 may 2024 19:57
219

Azərbaycan səfiri Niderlandda ölkəmizin üzləşdiyi mina problemindən danışıb

Niderland Krallığının Haaqa şəhərindəki Leyden Universitetində “Mine Mark” fondu və BASIS-in (Bachelor Students of International Studies) Avropa Komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Bosniya və Hersoqovinanın Niderland Krallığındakı səfiri Almir Şahoviç, Ukraynanın Niderland Krallığındakı səfiri Oleksandr Karaseviçin iştirakı ilə “Müharibənin ölümcül qalıqları: minalar və birlikdə daha təhlükəsiz gələcək qurmaq” adlı konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Niderlandda akkreditə olmuş diplomatik korpusun və QHT-lərin nümayəndələri, Haaqadakı Leyden və digər universitetlərin tələbləri iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev Ermənistanın təxminən otuz illik hərbi işğalı nəticəsində Azərbaycanın ərazisinin təqribən 1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlarla çirklənməsinə görə ciddi problemlərlə üzləşməsi, Qarabağ münaqişəsi başa çatdıqdan sonra mina problemlərinin məcburi köçkünlərin regiona təhlükəsiz qayıtmasını məqsədyönlü şəkildə ləngitməsi və bunun nəticəsində Azərbaycanın qarşılaşdığı problemlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir ölkəmizin dünya miqyasında minalarla ən çox çirkləndirilmiş ölkələr sırasında olduğunu qeyd edərək, son 30 ildə Azərbaycanda mina qurbanlarının ümumi sayının 3436 nəfərə çatmasına, müharibə bitdikdən sonra baş verən mina partlayışları nəticəsində 357 insanın zərər gördüyünə və onlardan 66 nəfərin həyatını itirdiyinə diqqət çəkib.

Səfir çıxışında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) gördüyü işlər, mina risklərinin qarşısını almaq üçün həyata keçirilən maarifləndirici layihələr, mina qurbanlarına yardım, beynəlxalq əməkdaşlıq və ölkəmizin bu sahədə beynəlxalq təşəbbüslərinə dair tədbir iştirakçılarının məlumatlandırıb.

Rəhman Mustafayev dünyada 120 milyondan çox minanın basdırıldığını, onlardan 100 milyondan çoxunun Qoşulmama Hərəkatına üzv ölkələrin ərazisində yerləşdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının Humanitar Minatəmizləmə üzrə Təmas Qrupunun yaradıldığını, qrupun öz fəaliyyətinə ötən ilin sentyabrında Nyu-Yorkda keçirilən ilk toplantı ilə başladığını, bununla problemə kollektiv yanaşmanı təşviq etməyə çalışdığını vurğulayıb.

Həmçinin konfrans iştirakçılarına ekoloji problemlərin həllinə dair öhdəliklərinin bir hissəsi olaraq, Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29 çərçivəsində mina problemi mövzusunu mühüm beynəlxalq müzakirəyə daxil etməklə minaların ətraf mühitə təsirləri ilə əlaqədar yan tədbir keçirməyi planlaşdırdığını bildirib.

Konfransda iştirak edən digər iki ölkənin səfirləri də öz növbələrində ölkələrinin müharibə dövrü və müharibədən sonra üzləşdiyi mina problemlərindən danışaraq bu məsələnin hələ də dünyada aktual olaraq qalmasına və problemin həllinin vacibliyinə toxunublar.

Sonda səfirlər tələbələrin çoxsaylı sualları cavablandırıblar.