23 iyun 2024 19:07
926

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Azərbaycanlı xeyriyyəçi Tural Şahbazlı Türkiyə ordusunun iyunun 21-də İraqın şimalında terrorçularla döyüş zamanı şəhid olmuş serjantı Mehmet Ali Horozun vəsiyyətini yerinə yetirib.

“İki sahil” xəbər verir ki, türkiyəli hərbçi ölümündən üç gün əvvəl yayımladığı videoda həlak olacağı təqdirdə Afrika ölkələrindən birinin sakinləri üçün quyu qazmağı xahiş edib. Şəhidin vəsiyyətini azərbaycanlı Tural Şahbazlı həyata keçirib və onun təşəbbüsü ilə Kamerunun Asiyeba kəndinin sakinləri üçün quyu qazılıb.

Xeyriyyəçi Afrika kəndində aparılan işlərin görüntülərini əks etdirən videonu şəxsən şəhidin yaxınlarına təhvil verib.

Qəhrəmanın atası və böyük qardaşı videoya baxarkən göz yaşlarını tuta bilməyiblər.

Şahbazlı isə jurnalistlərə bildirib ki, onun özü türk hərbçisi həlak olduğu vaxt Azərbaycanda olub. “O vaxt Kamerunda atamın xatirəsinə quyu qazırdılar. Ancaq türkiyəli hərbçinin vəsiyyəti olan videonu görəndən sonra Türkiyədən olan şəhidin vəsiyyətini yerinə yetirmək qərarına gəldim”.