26 may 2024 17:27
233

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Səfirlikdən “İki sahil”ə bildiriblər ki, 170-ə yaxın qonağın iştirakı ilə səfirlikdə keçirilən tədbirə CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin (XİN) baş direktorunun müavini, səfir xanım Maud Dlomo, nazirliyin ərazi baş idarəsinin rəisi xanım Pumzile Mazibuko və nazirliyin əməkdaşları, CAR parlamentinin yuxarı palatası sayılan Əyalətlərin Milli Şurası sədrinin müavini S. Lukas, hakim “Afrika Milli Konqresi” partiyasının ən nüfuzlu siyasətçilərindən biri hesab olunan xanım Qven Ramokgopa, CAR-da diplomatik korpusun duayeni və regional duayenlər, eyni zamanda, Türkiyə, Rusiya, ABŞ, Çin, Braziliya, Meksika, Qazaxıstan, Gürcüstan, Belarus, Macarıstan, İsrail, İran, Ukrayna, Avstriya, Portuqaliya, Koreya, Sinqapur, Misir, Tunis daxil olmaqla 100-ə yaxın dövlətin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, Yohannesburq şəhərində yerləşən Yunus Əmrə İnstitutunun direktoru, elmi-akademik dairələrin, yerli medianın və ictimaiyyətin nümayəndələri, yerli müsəlman icmasının təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri qatılıblar.

Tədbirin əvvəlində Azərbaycan və Cənubi Afrikanın Dövlət himnləri səsləndikdən sonra açılış nitqi ilə çıxış edən diplomatik missiyamızın rəhbəri Zaur Şükürov 1918-ci il mayın 28-də əsası qoyulmuş və bu il 106-cı ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, müstəqilliyinin 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini və Şərqdə ilk dəfə, hətta ABŞ və bəzi Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququ verdiyini qeyd edib.

Müvəqqəti işlər vəkili Z. Şükürov bugünkü müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olaraq Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri yaşadaraq daha da inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırıb.

Sovet hakimiyyətinin süqutundan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycanda 90-cı illərin əvvəllərində müşahidə edilən ağır dönəmdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğu və beynəlxalq arenada nüfuzunun artdığı qeyd edilib.

Hazırda bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi və ölkəmizin istər regional, istərsə də qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlətə çevrildiyi vurğulanıb. Otuz il ərzində erməni işğalı altında olan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildiyi, məcburi köçkünlərimizin fundamental hüquqlarının bərpa olunduğu və ilk dəfə olaraq Müstəqillik Gününün bütün ərazilərimizdə qeyd olunması, üçrəngli bayrağımızın bütün şəhərlərimizdə dalğalanmasının qürur hissi yaratdığı diqqətə çatdırılıb.

İkitərəfli və çoxtərəfli formatda həyata keçirilən uğurlu xarici siyasət kursunun nəticəsi olaraq dünya dövlətlərinin Azərbaycana inamının və etibarının daha da artdığı qeyd olunub, ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrlik dönəmi və bu dövr ərzində QH-nın nüfuzunun artması, bu il COP29-a ev sahibliyimiz və bu istiqamətdə görülən işlər, bərpaolunan enerji sahəsində atılan mühüm addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməkdə olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası, “xalis sıfır emissiya” zonası və “yaşıl enerji” layihələri barədə tədbir iştirakçıları məlumatlandırılıb.

Sonda diplomat dost CAR ilə ikitərəfli münasibətlərin mövcud durumu və inkişaf perspektivləri, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən COP29 çərçivəsində səmərəli əməkdaşlıq imkanları barədə danışıb.

CAR hökumətini təmsil edən fəxri qonaq, CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin (XİN) baş direktorunun müavini, səfir xanım M. Dlomo öz növbəsində ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirərək, Azərbaycanın əldə etdiyi uğurların sevindirici hal olduğunu, müstəqilliyinin 106-cı ildönümünü qeyd edən Azərbaycanın təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini, yaşıl enerji sahəsində mühüm addımlar atan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mədəni proqram çərçivəsində CAR-da yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyevin təsis etdiyi və hazırda bədii rəhbərliyi altında fəaliyyət göstərən “Xarıbülbül” rəqs qrupunu təmsil edən yerli qızlar tərəfindən Azərbaycan milli rəqsləri məharətlə ifa edilib, diaspor gəncimiz Ramil Şükürovun ifasında milli mahnılar səsləndirilib. Rəqs və mahnıların ifası qonaqlar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Tədbir Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafətlə yekunlaşıb.