27 may 2024 13:36
251

28 May Müstəqillik Günü xalqımızın qürur mənbəyidir

Yüz altı il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman şərqində ilk dünyəvi demokratik dövlət, yaradıldı. Bu Respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.

1918-ci il may ayının 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi və müsəlman şərqində ilk demokratik republika quruldu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, ana dili dövlət dili elan edildi, bayrağı, himni və gerbi yaradıldı, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı, ordu quruculuğu sahəsində önəmli işlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu və təhsil milliləşdirildi.

Qısa müddət ərzində dövlətin siyasi, hüquqi, iqtisadi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi dövlət siyasəti Azərbaycanda demokratik dövlətçilik ənənələrinin, milli özünüdərkin formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə çox işlər görülsə də, Cümhuriyyətin  ömrü uzun sürmədi və 23 ay sonra hərbi müdaxilə nəticəsində Azərbaycan 1920-ci ildə Sovet Rusiyasına birləşdirildi.

Ümummilli Lider Heydər Əliyev hər zaman Cümhuriyyətin Azərbaycan tarixində xüsusi yeri olduğunu vurğulayıb: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.”. Cənab Prezident İlham Əliyev ADR haqda düşüncələrini paylaşarkən müsəlman aləmində ilk demokratik respublikanın məhz Azərbaycanda qurulmasının önəminə diqqət çəkərək bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”.

90-cı illərin başlanğıcında üçrəngli bayrağımızı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldıran Ulu Öndər Heydər Əliyev bununla da yenidən müstəqilliyə gedən mərhələnin əsasını qoydu.

XX əsrin sonlarında öz müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə – Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görərək ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Cənab Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası Azərbaycan xalqı üçün növbəti şanlı qələbə kimi tarixdə öz yerini aldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və şanlı Azərbaycan ordusunun yüksək peşəkarlığı, qəhrəmanlığı və təbii ki, yüksək milli ruh və güc sayəsində Azərbaycan Respublikası öz tarixi missiyasını yerinə yetirdi və Azərbaycan yenidən öz ərazi bütövlüyünü bərpa etdi.  Artıq 4 ildir ki, biz, 30 il ərzində erməni işğalı altında qalmış torpaqlarımızın azad edilməsindən sonra Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümünü ikiqat sevinclə qeyd edirik.

Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Xüsusilə son zamanlarda nəhəng enerji və nəqliyyat-tranzit layihələrində iştirakımız, hər il ölkəmizə gələn çoxsaylı rəsmi qonaqlar, dünya dövlətlərinin liderləri ilə keçirilən görüşlər, eləcə də Cənab Prezidentin rəsmi səfərləri, qardaş Türkiyə başda olmaqla Türk  dünyası dövlətləri ilə artan dostluq münasibətləri, iki əsrdən çoxdur ki, azərbaycanlılara qarşı davam edən erməni vandalizminə son qoyularaq Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mərhələsinədək  gəlinməsi, ölkəmizin daxilində hökm sürən siyasi sabitlik, işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışın sürətlə və ən yüksək səviyyədə tamamlanması istiqamətində aparılan işlər, ölkənin bütün sahələrində davam edən inkişaf və tərəqqi onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadi, diplomatik müstəqilliyi, enerji təhlükəsizliyi və milli təhlükəsizliyi tam təmin olunmuşdur.

Azərbaycan xalqının demokratik dəyərlərə və müstəqilliyə bağlılığını ortaya qoyan Cümhuriyyət və müasir Azərbaycan dövləti, bu uğurda verilən canlar, tökülən qanlar bu xalqın vətənə, torpağa və müstəqilliyə bağlılığının bariz sübutudur.

28 May Müstəqillik günü münasibəti ilə Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları və müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, müstəqil və suveren Azərbaycanın hər bir vətəndaşını təbrik edirəm.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri