27 may 2024 15:03
168

Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi ləğv edilir

Fransa hakimiyyəti Yeni Kaledoniyada iğtişaşlar səbəbindən mayın 15-də tətbiq olunan fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransanın Sakit okeandakı dənizaşırı ərazisinin ali komissarlığının ofisi tərəfindən dərc edilmiş bəyanatda deyilir.

Bildirilir ki, son 24 saatda ərazidə vəziyyətin sabitləşməsi tendensiyası müşahidə olunub. Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi mayın 28-də yerli vaxtla saat 5:00-dan başlayaraq ləğv ediləcək.

Bununla belə, hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətində qalmağa davam edəcək. Hakimiyyət, həmçinin axşam və gecə saatlarında qüvvədə olan komendant saatını hələlik ləğv etmək niyyətində deyil.

“İğtişaşların yatırılması zamanı 460-dan çox insan saxlanılıb. Yeddi nəfər, o cümlədən iki jandarm həlak olub, hüquq-mühafizə orqanlarının 122 əməkdaşı yaralanıb”, - deyə ali komissarlığın məlumatında bildirilib.

Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub. Yerli liderlərin fikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünü azaldacaq.

Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.