28 may 2024 01:14
223

“Demokratiya” pərdəsinə bürünmüş işğalçı

Fransanın təxribat xarakterli addımları cavabsız qalmayıb, qalmayacaq da...

“1931-ci ildə Fransa öz imperiyasının müxtəlif guşələrini nümayiş etdirmək üçün bir sərgi təşkil edib. Orada Sakit okeandakı Yeni Kaledoniyadan olan 100 kanak sərgilənib. Onların paltarını çıxarıblar və Parisdə Bulon meşəsindəki zooparkda təhlükəli adamyeyənlər kimi nümayiş etdiriliblər, orada onlar çiy ət yeməyə və “vəhşisayaq” rəqslər etməyə məcbur ediliblər.”

Ləyaqətləri alçaldılmış həmin kanaklardan biri məşhur futbolçu, “Real Madrid” və “Midlsbro”da çıxış etmiş, Avropada şöhrət qazanmadan əvvəl küçələrdə ayaqyalın futbol oynayaraq böyümüş Fransa milli komandasının müdafiəçisi Kristian Karambönün ulu babası Villi Karambö idi.

Rəsmi oyunların əvvəlində “Marselyeza”nı (Fransanın dövlət himni) oxumaqdan imtina etməsi ilə tanınan Kristian bunu Fransanın onun vətəni Yeni Kaledoniyada “müstəmləkəçi sui-istifadəsi” ilə əlaqələndirir: “Mənim ailəm də bir çox kanak ailələri kimi dəhşətli hadisələr yaşayıb. Mən Fransanın dövlət himnini oxuya bilmirəm, çünki xalqımın tarixini bilirəm.”

Villi Karambönün aqibətinə gəlincə: “O, zooparkın digər “eksponatları” ilə birlikdə timsah kolleksiyası müqabilində 1931-ci ildə zooloji bağda oxşar sərgi üçün Almaniyaya göndərilib. Sonda kanakalara vətənlərinə qayıtmasına icazə verilib...”

Xarici siyasətindəki uğursuzluqlarını Azərbaycana qarşı həyata keçirdiyi kampaniya ilə ört-basdır etməyə çalışan Makron Fransasının eybəcər simasını göstərən bu faktlar Böyük Britaniyanın “The Sunday Times” qəzetinin əməkdaşı Metyu Kempbellin “Yeni Kaledoniya iğtişaşlarının arxasındakı qəddar Fransız müstəmləkə tarixi” başlıqlı məqaləsindədir. Göründüyü kimi, tarixi qanlı cinayətlər, dinc, günahsız insanlara qarşı qətliamlar ilə zəngin olan Fransanın davam edən neokolonial siyasəti təkcə qəddar fransız zabitlərinin çirkli çəkmələri altında tapdanan yad torpaqların azadlıq arzulayan sakinlərini, yəni əsl sahiblərini deyil, Avropanın, dünyanın bütün vicdanlı insanlarını narahat etməyə başlayıb. “Xoruzlar”ın büründüyü “demokratiya” pərdəsi cırıldıqca o da məlum olur ki, bu ölkə öz qaranlıq keçmişindən ibrət götürmək, dövlət səviyyəsində törətdiyi çoxsaylı cinayətlərə görə üzr istəmək, hesab vermək əvəzinə işğalçılıq ənənələrini yaşatmaq üçün daha qəddar yollar axtarır...

Sözügedən məqalədə müəllif Fransanın amansız müstəmləkəçilik tarixinin ölkənin Yeni Kaledoniya siyasətinə təsirinə diqqət çəkərək bunun dövlət başçısı Emmanuel Makronun prezidentliyi dövründə ən ciddi böhrana çevrildiyini bildirib.

Kempbell Parisin günahı başqalarında axtardığına da işarə vurub: “Fransa yadları 140 adalıq ərazidə yerləşən 270 000 nəfəri qızışdırmaq üçün köhnə müstəmləkə küskünlüyü kartları ilə oynamaqda ittiham edib: sosial şəbəkədə “EndFrenchColonialism” həştəqi ilə yazılan postlar Fransanın Ermənistana dəstəyindən narazı olan Rusiyanın müttəfiqi Azərbaycana aid edilib.”

Yazıda Fransanın Yeni Kaledoniyanın müstəqilliyinə qarşı çıxmasının səbəbləri ilə bağlı da maraqlı faktlar var. Belə ki, Kempbell fransalı diplomatik mənbəyə istinad edərək sözügedən dənizaşırı ərazinin Paris üçün xüsusi önəm daşıdığına diqqət çəkib: “O qeyd edib ki, Yeni Kaledoniyada hibrid avtomobillərdə akkumulyatorların, həmçinin sikkələrin, zirehlərin və turbin qanadlarının hazırlanmasında istifadə olunan nikelin dünya ehtiyatlarının dörddə biri var.”

Yeri gəlmişkən, fransızlar yeni Kaledoniyaya 1853-cü ildə, III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra yiyələniblər və daha sonra onu cəzaçəkmə koloniyasına çeviriblər. Onminlərlə məhbus nikel mədənlərində və plantasiyalarda işləməyə məcbur edilib, kanakalar isə rezervasiyalara köçürülüb. Ardınca bir sıra üsyanlar baş qaldırıb. Onlardan birinin rəhbəri, böyük sərkərdə Atainin başı 1878-ci ildə kəsilərək müxtəlif muzeylərdə nümayiş etdirilmək üçün “qənimət” kimi Fransaya aparılıb. Bu faktlar da Metyu Kempbellin məqaləsində yer alıb. O, kəllənin ancaq 2014-cü ildə Numeaya qaytarılaraq dəfn edildiyini bildirib.

Əslində, Makron Fransasının keçmiş və hazırkı müstəmləkələrindən niyə əl çəkmədiyinin səbəbi çox açıqdır: əhalisini amansız qəddarlıqla əsarətdə saxlamaq hesabına onların sərvətlərini talamaq. Hazırda Yeni Kaledoniyada baş verən hadisələr də Fransanın demokratiyaya, insan haqlarına deyil, zora, qəddarlığa üstünlük verməsinin və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir. İndi bütün bu reallıqlardan sonra hələ də özünü orta əsrlərin işğalçı dövləti kimi aparan Fransanın Yeni Kaledoniyada baş verənlərin günahını Azərbaycanın üzərinə atmağa çalışması, adada törətdiyi vəhşiliklərə haqq qazandıraraq toqquşmaların səbəbi kimi “yad qüvvələr”i göstərməsi heç bir çərçivəyə sığmır. İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların vəhşicəsinə döyüldüyü, qətlə yetirildiyi, islamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Müstəqil Azərbaycan daim demokratik dəyərlərə sadiq dövlət və cəmiyyət kimi formalaşıb, inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban, təhlükəsiz şəraitdə yaşadığı ölkədir. Üstəlik, Azərbaycan Fransadan fərqli olaraq heç bir dövlətin ərazisini işğal, sərvətlərini talan edib, əhalisini əsarətdə saxlamır.

Ölkəmizə qarşı məsuliyyətsiz və qəbuledilməz açıqlamalar səsləndirən, “Le Point” və digər bu kimi yerli mətbuatda qarayaxma kampaniyasını davam etdirən rəsmi Paris bir şeyi dəqiq bilməlidir ki, onun bütün bu təxribat xarakterli addımları cavabsız qalmayıb, heç vaxt da qalmayacaq.

Mahir Rəsuloğlu, “İki sahil”