14 mart 2025 09:29
107

Böyük Qayıdışın inamlı addımları

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qeyd olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların yurd yerlərinə qayıdışı ilə torpaqlarımız canlanır. Bu məsələ Böyük Qayıdış Proqramına əsasən ata-baba yurduna dönən vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü kimi diqqətdə saxlanılır. Bölgədə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verir. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilir, yurd yerləri yenidən qurulur, bərpa-quruculuq işləri sürətlənir. Dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya ilə davam edən quruculuq işlərinin intensivləşməsinin nəticəsidir ki, bərpa olunan ərazilərdə layiqli yaşayış təmin edilir, yeni infrastruktur qurulur, rahat həyat tərzi və müasir xidmətlər üçün şərait yaradılır. Qarabağ və Şərqi Zəngəzur regionlarının iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin sürətlənməsi daim diqqətdə saxlanılır. Hədəf inşa olunan yeni əraziləri ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə qaldırmaq, bölgənin dayanıqlı inkişafı üçün təbii resurs bolluğu yaratmaqdır. 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunduğu kimi,

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün ayrılan 17,5 mlrd. manata yaxın vəsait istiqaməti üzrə sərf olunub. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyalararı quraşdırılır, su hövzələri yaradılır, yol infrastrukturuna diqqət artırılır. Dövlət başçısı İlham Əliyev mız çıxışlarında dəfələrlə qeyd olunduğu kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevirilir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bu reallığı təsdiqləyir. Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılmış Qarabağ Dirçəliş Fondundan ayrılmış vəsaitlərdən planauyğun məqsədyönlü istifadə olunur. Dövlət siyasətinin əsas prioritetlərindən olan Qarabağın və Şərqi Zəngəzurun bərpasına hərbi məsələlərlə bərabər 4 milyard manat ayrılması Böyük Qayıdışın sürətlənməsinə imkan yaradır. «Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə» söyləməklə planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarılmasının nəzərdə tutulduğunu bildirən Prezident İlham Əliyev əlavə olaraq vurğulayıb bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar.

Bəllidir ki, inşa olunan yeni ərazilərdə daha çox infrastruktur layihələrinin tiikntisinə diqqət artırılır. Əsas maliyyə yükü tələb edən 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. 30-dan çox su elektrik stansiyası işə salınıb, dəmir yolları çəkilib. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Görülən işlərdə peşəkarlığa daha çox diqqət yetirilir. «Yəni, biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Yəni, bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var» söyləyən Prezident İlham Əliyev bu sahədə önəmli layihələrin həyata keçirildiyini bildirir. İşğaldan azad edilmiş ərazilərdə artıq iki sənaye parkı fəaliyyət göstərir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları artıq xarici ölkələrə ixrac edilir.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər çox böyük coğrafiyanı əhatə edir. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, bu əraziyə o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilir. Eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. «Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Baş planımıza əsasən bütün qüvvələr yaşıl enerji layihələrinin həllinə yönələcək və bütün respublikanı əhatə edəcək.

Bu yaxınlarda Xocalı rayonunun Ballıca kəndində inşa olunmuş fərdi evlərin tiikntisi ilə tanış olan Prezident İlham Əliyevin bildirdiyi kimi, Ağdam şəhəri sıfırdan inşa edilir. Xankəndidə sökülən binalar yeniləri ilə əvəzlənir. Qarabağ Universiteti artıq fəaliyyət göstərir, yeni korpuslar inşa olunur. Xankəndidəki tikiş fabrikində 200-ə yaxın qadın çalışır. Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan fəaliyyət göstərir. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Proqnozlar isə daha möhtəşəmdir. 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Laçın rayonunun Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. «Zabux”» və «Qarıqışlaq» Kiçik Su Elektrik stansiyaları istifadəyə verilib. Qeyd edək ki, Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Həmçinin Dövlət Proqramına əsasən, rayonun Sus kəndinə 59 ailənin (214 sakin), Zabux kəndinə isə 217 ailənin (823 sakin) köçürülməsi təmin olunub. Cəbrayıl şəhərində «Azərsun» Holdinq MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, rayonda «Hicaz» quşçuluq müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı Böyük Qayıdış Proqramı əsasında inşa olunub.

Xuraman İsmayılqızı, «İki sahil»