28 may 2024 00:42
251

Bundan humanist addım ola bilməz

Sayca 70-ci əfv sərəncamı ümumilikdə 154 məhkuma şamil edilib

Azərbaycan müstəqillik tarixinin daha bir mühüm hadisəsinə şahidlik etməkdədir. Azərbaycanın dövlətçiliyi tarixində ənənəvi olaraq bayramlar ərəfəsində Prezident İlham Əliyev tərəfindən Əfv sərəncamları imzalanır. Dövlət başçısının Müstəqillik Günü ərəfəsində imzaladığı Əfv Sərəncamı ümumilikdə 154 məhkuma şamil edilib. Əfv Sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Bu Sərəncam, həmçinin xarici ölkə vətəndaşlarına da aid edilib.

63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib. 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin elektron qolbaq cəzası yarıya salınıb, islah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

Belə təşəbbüslər nəticəsində məhbuslar ailələrinə, azad cəmiyyətə qovuşurlar. Bundan daha üstün, humanist addım ola bilməz. Çünki insanlara azadlıq bəxş olunursa, məhbuslar ailələrinə, cəmiyyətə qovuşurlarsa, onların sevinci son dərəcə böyükdür. Onlara bu sevinci bəxş edən əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətidir ki, bu da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu addım alqışlanmalıdır və bundan da hansısa səbəbdən həbsə düşən vətəndaşlarımız nəticə çıxarmalıdırlar ki, bir daha ömürlərini dəmir barmaqlıqlar arasında keçirməsinlər.   

Bu Əfv Sərəncamı həm də ədalət, insanpərvərlik, insan haqlarının aliliyi kimi bəşəri prinsiplərin ən bariz təcəssümüdür. Eyni zamanda, bu hadisə insanların itlərə yem edildiyi, qanunların polis dəyənəyi ilə təmin olunduğu, “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaran” Qərb ölkələrinə, ATƏT, Avropa Şurası, AŞPA kimi beynəlxalq qurumlara bir mesajdır. Yəni, onların Azərbaycan haqqında nə düşündüklərindən, nə dediklərindən və hansı qərarları qəbul etdiklərindən asılı olmayaraq, ölkəmizin rəhbərliyi bu cür humanizm aksiyalarını həmişə keçirmiş və keçirməkdə davam edir.

Azərbaycan bu təşəbbüsləri kiməsə xoş gəlmək və yaxud kiminsə “sağ ol”unu qazanmaq üçün etmir. Bu, qanunun aliliyinin təmin olunduğu ölkəmizdə bir həyat tərzidir, halbuki əsassız olaraq Azərbaycanı ittiham edənlər ondan məhrumdurlar.

Əfv sərəncamları mahiyyəti etibarilə şamil olunduğu insanların özlərinə olan inamı artırmaqla, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirən, layiqli vətəndaş olmağa sövq edir. Bu baxımdan, dövlətin, Prezident İlham Əliyevin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir. Bu humanizm siyasəti ölkəmizdə insan amilinə olan qiymətin bariz nümunəsidir. Bu baxımdan, dövlət başçısı tərəfindən imzalanan Əfv sərəncamları cəmiyyətdə humanizm və həmrəylik ideyalarını möhkəmləndirir. Eyni zamanda qanunçuluq prinsiplərinə əsaslanan Əfv sərəncamları vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.

Bu Əfv Sərəncamı ən əsası övladları, bacıları, qardaşları, anaları, ataları sevindirəcək. Ümid edirik ki, azadlığa çıxan şəxslər bundan sonra bir vətəndaş kimi ölkəmizin inkişafında rol oynaya biləcəklər.

Cavid Əkbər, “İki sahil”