27 may 2024 23:23
209

Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub - Prezident

Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.

“İki sahil” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

"Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi. Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı", - dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib".

"Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub", - Prezident İlham Əliyev xatırladıb.