28 may 2024 17:29
640

COP29 mina probleminə öz töhfəsini verəcək - ŞƏRH

Uzun illər davam etmiş münaqişə nəticəsində Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. 1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlar insanlar üçün ciddi risklər yaratmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi çərçivəsində aparılan əsaslı yenidənqurma və abadlıq işlərini ləngidir. 

Yeri gəlmişkən onu da qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mayın 28-də-Müstəqillik Günündə mina partlayışı olub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən bildirilib ki, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub. Xatırlaqaq ki, son 30 ildə Azərbaycanda mina qurbanlarının ümumi sayının 3440 nəfərə yaxınlaşıb. Müharibə bitdikdən sonra baş verən mina partlayışları nəticəsində 360  insan zərər görüb və onlardan 68 nəfəri həyatını itirib. 

Bu sonuncu hadisə bir daha göstərir ki, ərazilərin minalardan təmizlənməsinə və onun qurbanına çevrilən insanlara kömək göstərilməsinə təcili zərurət var.  Amma münaqişənin başa çatmasına baxmayaraq Ermənistan Azərbaycanı mülki ərazilərdə qəsdən basdırılmış minalarla bağlı tam və dəqiq informasiya ilə hələ də təmin etməyib.

Rəsmi Bakı bununla bağlı dünya ölkələrinə, eyni zamanda müxtəlfi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Halbuki, işğal olunmuş ərazilərimizin haylar tərəfindən minalarla çirkləndirilməsi faktını dünyanın heç bir dövləti və ya beynəlxalq təşkilat inkar edə bilmir. Di gəl, özünü dünyada sülhün və ədalətin tərəfdarı kimi göstərməyə çalışan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar bununla bağlı Ermənistanı sərt şəkildə qınamır, üstəlik, ərazilərimizin minalardan təmizlənməsinə də yetərincə praktiki olaraq kömək göstərmirlər. Maddi cəhətdən yardım etməkdə sözün həqiqi mənasında xəsislik edirlər.  Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı fikirlərini xatırlatmaq yerinə düşər: "Pul vermək istəmirsinizsə, pulu gəlib minatəmizləyən şirkətə verin, əgər kömək etmək istəyiniz varsa". Bütün bunlara baxmayaraq, Azərbaycan bu çağırışları davam etdirmək niyyətindədir. Elə  Azərbaycan 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mina problemi mövzusunu mühüm beynəlxalq müzakirəyə də daxil etməsi bunu bir daha sübut edir. Bu mənada COP29 mina probleminə daha çox diqqətin cəlb edilməsində və problemin iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq diskursa daxil edilməsində mühüm rol oynayacaq. Bu da şübhəsiz ki, mina probleminə öz töhfəsini verəcək.

Yeri gəlmişkən, üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb olmasına baxmayaraq, ölkəmiz ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son illər  bu sahədəki imkanlarımız ciddi şəkildə artıb. Yeri gəlmişkən qeyd edək ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Dövlətimizin başçısı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: mü¬naqişədən sonra inkişaf və əmək¬daşlıq” mövzusunda beynəlxalq konfransda demişdi ki, hər il biz minatəmizləmə agentliyinə büdcəmizdən təxminən 60-70 milyon ABŞ dolları ayırırıq.

Qvami Məhəbbətoğlu, “İki sahil”