31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımız üçün unikal mənəvi bir bağ və milli birliyin rəmzidir. 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərarı təkcə hüquqi sənəd deyil, həm də Azərbaycan xalqının tarixi birliyini möhkəmləndirmək, milli dəyərləri qorumaq və dünyadakı azərbaycanlıların gücünü bir araya gətirmək üçün strateji bir addım idi. SSRİ-nin dağılma prosesində və Azərbaycanın müstəqilliyini yenidən qazanmağa çalışdığı çətin dövrdə bu qərar həm milli həmrəyliyi gücləndirmək, həm də dünya azərbaycanlılarının birliyini daha qabarıq şəkildə nümayiş etdirmək məqsədini daşıyırdı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın milli kimliyini qoruyaraq bir araya gəlməsi, Azərbaycan mədəniyyətini, dilini və dəyərlərini yaşatmaq üçün əhəmiyyətli bir fürsətdir. Harada yaşamalarından asılı olmayaraq 50 milyon soydaşımızın qəlbinin ana Vətənlə bir döyünməsi, bu günün hər birimiz üçün nə qədər önəmli olduğunu bir daha sübut edir.
Bu ümummilli ideyanı Azərbaycan məfkurəsinə gətirən isə böyük siyasətçi Ulu Öndər Heydər Əliyev oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlandı. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq müvafiq qərar qəbul etdi. Bu qərar Heydər Əliyevin milli dəyərlərə, xalqımızın tarixi irsinə və milli kimliyinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri xalqımızın öz milli kimliyi ilə fəxr etməsinin, mənəvi dəyərlərə bağlı qalmasının və həmrəylik ruhunu daim qorumasının təcəssümüdür. Azərbaycan dilinə, dininə və mədəni irsinə göstərilən bu hörmət və qayğı bizim milli varlığımızın əsas dayağıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması üçün dekabrın 31-nin müəyyənləşdirilməsi çox böyük mənəvi və tarixi əhəmiyyətə malikdir. Araz çayının sahilində 1989-cu ilin dekabrında baş verən hadisələr xalqımızın azadlıq, birlik və bütövlük arzularının gücünü bütün dünyaya nümayiş etdirdi. O dövrün siyasi və coğrafi şəraiti nəticəsində imperialist güclər tərəfindən xalqımız iki hissəyə bölünsə də, milli ruh və birlik hissi heç vaxt məhv edilmədi. Arazın hər iki sahilində yaşayan azərbaycanlıların tikanlı məftilləri yıxaraq bir-birinə qovuşması, soyuq qış şəraitinə baxmayaraq günlərlə orada qalaraq öz milli kimliklərini qorumağa və bütövləşmək istəklərini dünyaya bəyan etmələri böyük bir həmrəylik rəmzinə çevrildi. 31 dekabrın həmrəylik günü kimi seçilməsi, məhz yaddaşımızda əbədi iz qoyan hadisələrlə bağlıdır. O günlərdə yaşananlar göstərdi ki, soydaşlarımızın ürəyində hər zaman birlik və həmrəylik arzusu yaşayır və bu arzu qlobal siyasətin çətinliklərinə rəğmən ölməzdir.
Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi ideyasını reallaşdırmaq istiqamətində atdığı hər bir addım Azərbaycan xalqının beynəlxalq aləmdə daha fəal təmsil olunması üçün strateji əhəmiyyət kəsb etmişdir. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və milli mənlik şüurunun yüksəldilməsi baxımından tarixi bir hadisə idi. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmalar arasında əlaqələrin gücləndirilməsi, onların mədəni və siyasi fəallığının artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm platformaya çevrildi. Bu tədbir dünya azərbaycanlılarının ortaq milli maraqlar ətrafında birləşməsi prosesini yeni mərhələyə daşıdı. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təsisatlanması prosesini daha da gücləndirdi. Zamanında Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılması bu sahədə ciddi yenilik və irəliləyişlərə yol açıb. Fondun fəaliyyəti xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi ilə yanaşı, onların daha yaxşı təşkilatlanmasına və fəaliyyətlərinin gücləndirilməsinə şərait yaradır. Fond vasitəsilə diaspor təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, milli maraqlarımızın daha geniş tanıdılması və xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsi istiqamətində ciddi addımlar atılır. Prezident İlham Əliyevin diaspor siyasətinin mühüm istiqamətlərindən biri də soydaşlarımızın yalnız diaspor səviyyəsində deyil, lobbi səviyyəsində təsir gücünü artırmaqdır. Bu məqsədlə xaricdə yaşayan azərbaycanlılar arasında həmrəyliyi gücləndirmək, onların ortaq məqsədlər ətrafında səfərbərliyini təmin etmək, eləcə də beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını daha təsirli şəkildə müdafiə etmək üçün müxtəlif təşəbbüslər irəli sürülüb. 2019-cu ildə təsis edilən “Diaspor fəaliyyətində xidmətə görə” medalı diaspor sahəsində çalışan şəxslərin əməyinin yüksək qiymətləndirilməsi və onların fəaliyyətinin təşviq edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində xaricdə yaşayan azərbaycanlılar yalnız bir diaspor təşkilatı olaraq deyil, milli maraqlarımızın beynəlxalq arenada təmsilçisi və müdafiəçisi kimi mövqelərini möhkəmləndirirlər.
Artıq müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu isə dünya azərbaycanlılarının gücünü, həmrəyliyini və birliyini artırıb. Bu, müsbət inkişaflar, eyni zamanda, həmrəyliyin və birliyin güclənməsinə xidmət edən əsas amilə çevrilib. 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı da bu gücün və birliyin əyani sübutudur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu qurultayın Zəfər qurultayı adlandırılması tarixdəki qələbə ilə birbaşa əlaqəlidir və bu qələbə Azərbaycan xalqının azadlıq və birlik mübarizəsinin zəfərini təmsil edir. Qurultay çərçivəsində “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi”, “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzularında panel icaslar da təşkil olunub. Bu kimi məsələlər yalnız dövlətin deyil, həm də dünya miqyasında yaşayan azərbaycanlıların üzərinə böyük bir məsuliyyət qoyur. Bu, diasporun Qarabağın bərpasında və yenidən qurulmasında rol almasına, həm də Azərbaycanın beynəlxalq aləmdə güclənməsinə və daha da tanınmasına xidmət edəcək.
Nigar Orucova, “İki sahil”