29 may 2024 15:39
428

Nazirliyi “Kapitan və Xəzər dənizi” və tələbə filmlərinin maliyyələşməsinə başlayıb

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində qalib gələn “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli-animasiya filminin maliyyələşməsinə başlanılıb.

Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, istehsal prosesində olan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emin Nəcəfov və Türkan Hüseyndir. Filmin quruluşçu rəssamı Lalə Qasım, animasiya müəllifi Ağarəhim İbrahimovdur. 55 dəqiqə xronometrajında nəzərdə tutulan filmin layihəsi Krakov Beynəlxalq Film Festivalı çərçivəsində “CEDOC co-production”da və Beldocs Sənədli Film Festivalının pitçinq forumunda da iştirak edib.

İctimai TV layihənin yayım və maliyyə dəstəkçilərindən biridir.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi verdiyi “Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal olunur.

Mədəniyyət Nazirliyi və ARKA tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində tələbə filmləri kateqoriyaları üzrə qalib gələn layihələrin də maliyyələşməsinə start verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-Film” Kinostudiyası istehsalçısı olduğu “Starın hekayəsi”, “Şirin yuxu”, “Tullantılar dünyası”, “Ailə tablosu”, “Biçilmiş don”, “Çağrılmamış qonaq”, “İnam”, “Balıqçı kafesində görüş”,“Dəyişə bilməyən adam”, “Düşmüş mələk”, “Fundament”, “Mühafiz” filmləri tələbələr tərəfindən ərsəyə gətiriləcək.

Qeyd edək ki, tələbə filmləri kateqoriyalarının kuratoru əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov tələbələrin çəkiliş və hazırlıq prosesinə cəlb olunub.