30 may 2024 11:37
444

“Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı konsert keçirilib- FOTO

Qərbi Azərbaycan İcmasının və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı konsert keçirilib.

“İki sahil” xəbər verir ki, Göyçə aşıq sənətinə həsr olunmuş ilk irimiqyaslı konsertin bədii rəhbəri məşhur “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan, əvəzsiz sənətkar Çingiz Mehdipurdur.

Konsertdən əvvəl qonaqlar foyedə Qərbi Azərbaycanın tarixi abidələrini, təbiət mənzərələrini, xəritələrini, 1987-91-ci illərdə Ermənistan SSR-dən zorla çıxarılmış Qərbi azərbaycanlıların qaçqınlıq həyatını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə həmçinin Göyçə mahalının Qaraqoyunlu kəndinin 3D formatında yığılmış maketi də Dr. Bəxtiyar Qəhrəmanov tərəfindən nümayiş olunub.

Konsertdə Göyçə aşıqlarından Aşıq Ramin Qarayev, Aşıq Nazim Quliyev, Aşıq Əli Zeynalabdinov, Aşıq Xatirə Məmmədxanlı, eləcə də Xalq artisti Alim Qasımov, Aşıq Əfsanə Kərimova, Aşıq Ayşən Mehdiyeva, Aşıq Salar Mehdipur, Xalq artisti Samir Cəfərov, Aşıq Əli Novruzi, Aşıq Çingiz Mehdipur, Aşıq Nəbi Nağıyev, Əməkdar artist Fərqanə Qasımova, Xanəndə Mirələm Mirələmov, Aşıq Məhbub Əbdi, Aşıq Behnam Məliki bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib, Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan saz havalarının parlaq nümunələri ilə qonaqlara unudulmaz anlar yaşadıblar.