02 iyun 2024 15:40
470

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

“Bu gün Bakıda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO-nun A-hub Akselerasiya Proqramının startap müsabiqəsinin milli final mərhələsinin yarışması keçirilir. Bu, qlobal tədbirdə 11 ölkədən ən maraqlı startaplar təmsil olunur. Burada yaradıcı sənayelər, səhiyyə, qida məhsulları ilə bağlı olan və ümumiyyətlə, sosial cəmiyyət üçün faydalı olan sahələrdəki startaplar təqdim edilir”.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, bu cür tədbirlərin əsas mahiyyəti fərqli ölkələrdən olan gəncləri bir araya gətirmək, maraqlı ideyaların təcrübə mübadiləsini aparmaqdır. İnnovasiya sahəsində ən vacib amil odur ki, maraqlı ideya bir ölkədə yaradılsa belə, qısa müddətdə daha böyük kütləyə, coğrafiyaya çıxış əldə etsin. Bu halda həmin startap uğurlu ola bilər. İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir. O qeyd edib ki, bu tədbir ICESCO-nun elm və texnologiya sahəsində aparılan siyasəti çərçivəsində həyata keçirilir.

“Biz çox şadıq ki, bu istiqamətdə Azərbaycan Respublikasında ICESCO-nun əsas tərəfdaşı olan Mədəniyyət Nazirliyi töhfə verir. Ümumiyyətlə, nazirlik həm yerli müsabiqənin keçirilməsi, həm də böyük qlobal finalın məhz Azərbaycanda keçirilməsinə dəstək olub”, - deyə Rəşad Əzizov bildirib.