03 iyun 2024 12:21
477

Baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub

Mayın 30-da görkəmli baletmeyster, Azərbaycan balet sənətinin canlı əfsanəsi, Xalq artisti, Prezident təqaüdçüsü Maqsud Məmmədovun 95 yaşı tamam olması münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirliyin məsul əməkdaşları sənətkarı evində ziyarət ediblər.

Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir müavini sənətkarı yubileyi münasibətilə təbrik edib, cansağlığı arzulayıb. Qeyd olunub ki, peşəkar təhsil almış ilk azərbaycanlı balet artisti olan Maqsud Məmmədov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək baletsevərlərin dərin rəğbətini qazanıb.

Bildirilib ki, Maqsud Məmmədovun Azərbaycan balet sənətinin inkişafındakı xidmətləri daim dövlət tərəfindən yüksək qiymətləndirilib. “Xalq artisti” (1970) fəxri adına, “Şöhrət” ordeni (2019) ilə təltif olunan sənətkar 2002-ci ildən Prezident təqaüdçüsüdür.

Sonra Xalq artistinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qocaman sənətkar yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 1929-cu ildə Gəncədə dünyaya göz açan Maqsud Davud oğlu Məmmədov erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bu sahəyə olan həvəsi onu Bakı Xoreoqrafiya Məktəbinə gətirir. Burada yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib. Təhsilini başa vurduqdan sonra taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb. Burada künya klassiklərinin əsərlərindən mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Dezire (“Yatmış gözəl), Şelkunçik (“Şelkunçik”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərindən parlaq obrazları – Polad (“Qız qalası”), Azad (“Gülşən”), Mənzər (“Yeddi gözəl”), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) böyük uğurla canlandırıb.

Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca bir çox ölkələrdə – Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğatçısına çevrilib.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova (1931–2024) ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əlivedibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.