04 iyun 2024 00:45
856

Çox qalmayıb...

Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq

Erməni millətçiləri tərəfindən mərhələli şəkildə həyata keçirilən məkrli, qəddar planlar nəticəsində Azərbaycan xalqı ötən iki yüz il ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkib. Bu gün Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindəki tarixi torpaqlarımızda yaşayan soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması yolu ilə həyata keçirilib. Bu zaman heç bir günahı olmayan azərbaycanlılar zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlərin qurbanına çevrilibər. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Həmin illərdə azərbaycanlılar müxtəlif bəhanələrlə, qəddarcasına Qərbi Azərbaycandakı tarixi torpaqlarından deportasiya olunublar. Təəssüflə qeyd edilməlidir ki, Sovet hakimiyyəti dövründə soydaşlarımızın indiki Ermənistandan dövlət səviyyəsində zorakı deportasiyası “dinc, könüllü köçürmə” adı ilə həyata keçirilib. Erməni vəhşiliyinin acı nəticələrini milyonlarla insanımız bu gün də yaşamaqdadır...

44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq 30 illik erməni işğalına son qoyan, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövləti növbəti tarixi hədəfinə çatmaq istiqamətində də uğurlu addımlar atmaqdadır. Şanlı Zəfərimiz bizə, eyni zamanda, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti mərhələ-mərhələ bərpa etmək imkanı yaradıb. Siyasi-iqtisadi, hərbi baxımdan güclənərək Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş, dünya ölkələri arasında nüfuzu gündən-günə artan Azərbaycanın növbəti hədəflərindən biri də Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır. Bu hədəf öz tarixi ata-baba torpaqlarından zorla deportasiya edilmiş yüz minlərlə soydaşımızın ən böyük arzusu, istəyidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və konseptual tövsiyələri əsasında Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanması, Qərbi Azərbaycan İcmasının yaradılması, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın qəbul edilməsi əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amillərə çevrilib. Qeyd edək ki, İcma yarandığı gündən qarşısına Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında təsbit olunmuş konkret vəzifələr qoyub və addım-addım onları həyata keçirməkdədir. Bu sırada Qərbi Azərbaycan həqiqətlərini hərtərəfli öyrənmək və konkret faktları beynəlxalq müstəviyə çıxarmaq xüsusi yer tutur. Gərgin əmək nəticəsində artıq ciddi adımlar atılıb, İcma bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirir. Belə ki, artıq İcma tərəfindən 1987-1991-ci illərdə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərin dəqiq sayı və adları müəyyənləşdirilib və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısı tərtib edilib. Bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Report”un sorğusuna cavab olaraq bildirib. İcma sədrinin sözlərinə görə, ilk addım olaraq sonuncu deportasiya zamanı, yəni, 1987-1991-ci illərdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı dövlət səviyyəsində həyata keçirilmiş soyqırımı cinayətini sənədləşdirməyə başlanılıb: “Təbii ki, ilk olaraq soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərimizin dəqiq sayını və adlarını müəyyənləşdirdik və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısını tərtib etdik. Əslində, bu, düşündüyümüzdən daha çətin proses oldu. Çünki həmin tarixdən təxminən 36 il keçib. Bu müddət ərzində insanlarımızın bir hissəsi dünyadan köçüb, bir hissəsi dəfələrlə yaşayış yerini dəyişib, bir hissəsi isə dünyanın müxtəlif ölkələrinə səpələnib ki, onların bəzilərinin harada yaşadığını müəyyən etmək belə çox çətindir. Çətin də olsa, biz bu işin öhdəsindən gəldik və onları rəsmi olaraq geniş ictimaiyyətə açıqlamağa hazırlaşırıq.”

Atılan hər belə addım onillər, əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışına olan inamı bir az da artırır. Özündə erməni cinayətlərini birləşdirən faktların dəqiqləşdirilməsi və dünyaya təqdim edilməsi tarixi ədalətin bərpa ediləcəyi günün çox da uzaqda olmadığını göstərir. Biz Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq. Çox qalmayıb...  

Mahir Rəsuloğlu, “İki sahil”