Qərbi Azərbaycana qayıdış yalnız siyasi proses deyil, həm də tarixə sahib çıxma, yaddaşı bərpa etmə və uzun illər təhrif olunmuş həqiqətləri dünyaya çatdırma missiyasıdır
Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycanın dövlətçilik yaddaşında son onilliklərin ən mühüm siyasi-nəzəri çərçivələrindən birinə çevrilib və bu, təsadüfi deyil. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışında Qərbi Azərbaycan məsələsi ilə bağlı səsləndirdiyi proqram xarakterli fikirlər göstərir ki, məsələ yalnız tarixi emosiyalar, nostalji və ya birtərəfli iddia deyil. Burada söhbət bütöv bir xalqın yaddaşının bərpasından, tarixi həqiqətlərin üzə çıxarılmasından, pozulmuş hüquqların bərpa edilməsindən, məcburi deportasiya olunmuş insanların mənəvi-mədəni kimliyinin qorunmasından və ən əsası regionda uzunmüddətli sülhün əsaslarını möhkəmləndirməkdən gedir. Prezidentin vurğuladığı kimi, biz öz tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq.
Burada söhbət xalqın tarixi torpaqlarına sivil, qanuni, dinc və məntiqli şəkildə qayıtmasından gedir və bu qayıdışın əsasını həm hüquq, həm tarix, həm də ədalət təşkil edir.
Azərbaycanın tarixi boyunca xalqımız geniş bir coğrafiyada məskunlaşıb, dövlətçilik ənənələrini qoruyub və yaratdığı mədəniyyətlə regionun inkişafına töhfə verib. Bu geniş coğrafiyanın ayrılmaz parçası olan Qərbi Azərbaycan bölgəsi əsrlər boyu etnik, demoqrafik, mədəni baxımdan Azərbaycan məkanının tərkib hissəsi olub. Bu həqiqətlər nə Azərbaycan tarixçiləri tərəfindən uydurulmuş, nə də son dövrün siyasi prosesləri ilə bağlı formalaşdırılmışdır. Prezidentin də vurğuladığı kimi, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb.
Bu fakt həm beynəlxalq təhlükəsizlik müzakirələrində, həm akademik elmi araşdırmalarda, həm də regionun tarixini öyrənən gənclər üçün mühüm istiqamət kimi dəyərləndirilməlidir.
Bu gün təəssüf ki, Azərbaycan tarixi uzun illər ərzində erməni ideoloji mərkəzləri və diaspor təşkilatları tərəfindən sistemli şəkildə təhrif edilib. Bütün dünyada həyata keçirilən bu təbliğat fəaliyyətləri uzun müddət Azərbaycanlıların tarixi məkanlarını, mədəni irsini və bölgədəki etnik geosiyasətini saxtalaşdırmaq üzərində qurulub. Ermənilərin artıq beynəlxalq aləmdə adət halına gətirdikləri tarix uydurma strategiyası, təkcə Qarabağ məsələsində deyil, Qərbi Azərbaycanla bağlı bütün həqiqətlərin gizlədilməsində də istifadə olunub. Prezidentin çıxışında xüsusi vurğulanan məsələ odur ki, bu təbliğatın qarşısını yalnız bizim öz elmi və ideoloji hazırlıqlı işimiz ala bilər. Azərbaycan tarixçiləri, ictimai təşkilatlar, mədəniyyət institutları, elmi mərkəzlər və xüsusilə də gənclər bu böyük məsuliyyətin daşıyıcılarıdır. Tarixi xəritələrin nəşri, elmi əsərlərin yazılması, böyük və kiçik həcmli kitabların, bukletlərin hazırlanması təkcə tarixi bilgilərin genişləndirilməsi deyil, həm də beynəlxalq informasiya savaşında Azərbaycanın üstün mövqe tutması baxımından vacibdir.
Deportasiyalar: Xalqın yaddaşına yazılan dörd faciəli mərhələ
Qərbi Azərbaycandan deportasiya tarixi insanlıq adına qara bir səhifədir. XX əsrin müxtəlif dövrlərində 1905–1906-cı illərdə, 1918–1920-ci illərdə, 1948–1953-cü illərdə və nəhayət 1988–1991-ci illərdə Azərbaycan xalqının bu bölgədən sistemli şəkildə qovulması, onların mülklərinin, evlərinin, ziyarətgah və məzarlıqlarının dağıdılması bir millətin tarixdən silinməsi cəhdi idi. Bu acı proseslərə baxmayaraq, Azərbaycan xalqı heç vaxt revanşizm hissinə qapılmayıb, başqa xalqlara düşmənçilik münasibəti sərgiləməyib. Prezidentin qeyd etdiyi kimi, azərbaycanlılar yaşadıqları hər ölkədə ləyaqətli vətəndaş olub, separatizm kimi dağıdıcı xəstəliklərdən uzaq durub, məskunlaşdıqları yerlərin inkişafına töhfə veriblər. Bu, xalqımızın ən mühüm mənəvi üstünlüklərindən biridir və Qərbi Azərbaycana qayıdış konsepsiyası da məhz bu mənəvi təməl üzərində qurulub.
Qayıdış Ermənistan üçün təhlükə deyil, sülh konsepsiyasıdır
Qayıdış ideyası bu baxımdan Ermənistan üçün təhlükə deyil, əksinə regionda davamlı sabitliyin təminatına çevrilə biləcək bir perspektivdir. Prezidentin “azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır” fikri həm siyasi, həm hüquqi, həm də humanitar məntiqlə izah olunur. Çünki söhbət tanklarla, zorla qayıdışdan getmir. Bu, avtomobillərlə, yəni normal mülki həyatla, tarixi hüquqa uyğun şəkildə həyata keçiriləcək bir prosesdir. Bu qayıdış yalnız tarixi faktlara əsaslanmır, eyni zamanda, beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli yerini tapmalıdır. Məcburi köçkünlərin geri qayıtmaq hüququ BMT-nin müxtəlif sənədlərində təsbit olunub və bu hüquq dünyanın bir çox regionlarında praktik formada tətbiq edilib. Qərbi Azərbaycan məsələsi də beynəlxalq aləmin insan hüquqları kontekstində diqqət yetirməli olduğu mövzudur.
Güclü Azərbaycan dövlətçiliyi – qayıdışın əsas dayağı
Azərbaycan bu gün dünyanın siyasi xəritəsində nüfuzlu yer tutan, sabitlik modeli təqdim edən, güclü iqtisadiyyata və orduya malik olan, regionda əsas söz sahibi hesab olunan dövlətdir. Prezidentin də vurğuladığı kimi, Azərbaycan xalqı tarix boyunca heç vaxt indiki qədər güclü olmamışdır. Bu güc təkcə hərbi sahədə deyil, iqtisadi, sosial, diplomatik və mədəni sahələrdə də özünü göstərir. Müstəqillik dövrünün 30 ildən artıq bir zaman kəsiyində formalaşdırılmış dövlət siyasəti, milli ideologiyanın möhkəmlənməsi, xalq-dövlət birliyinin ən yüksək səviyyəyə çatması Qərbi Azərbaycana qayıdış məsələsinə həm mənəvi, həm hüquqi, həm də siyasi güc verir.
Bu qayıdışın ideoloji bazası yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə baxışdır. Qərbi Azərbaycan yalnız tariximizin bir hissəsi deyil, həm də milli kimliyimizin formalaşdığı məkandır. Orada xalqımızın mədəni irsi, maddi və mənəvi dəyərləri, əsrlər boyu yaratdığı memarlıq, folklor, adət-ənənə yaşayırdı. Bu dəyərlərin məhv edilməsi onu göstərir ki, qayıdış təkcə insanların geri dönməsi deyil, həm də mədəni kimliyin bərpası prosesidir. Dövlətin əsas məqsədlərindən biri məhz bu irsin qorunması, istifadəyə qaytarılması, beynəlxalq aləmdə tanıdılması və gələcək nəsillərin yaddaşında yaşadılmasıdır.
Bu gün Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, bu bölgələrdə aparılan misilsiz bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi Qərbi Azərbaycan məsələsində də ciddi intellektual və siyasi təcrübə yaradır. Qarabağa qayıdış modeli planlı, mərhələli, davamlı və müasir standartlara uyğun bir nümunədir. Bu model gələcəkdə Qərbi Azərbaycana qayıdış strategiyasının ideya bazasını formalaşdırır. Dövlətin planlaşdırma qabiliyyəti, iqtisadi gücü, humanitar yanaşması Azərbaycanın bu hədəfə hazır olduğunu göstərir.
İnformasiya savaşında üstünlük
Qərbi Azərbaycana qayıdış həm də Azərbaycanın informasiya mübarizəsində üstün mövqeyə sahib olduğunu sübut edir. Bu gün gənclərimiz tarixi daha dərindən öyrənməli, dünya ictimaiyyəti üçün elmi araşdırmalar daha geniş yayılmalı, beynəlxalq təşkilatlarda müzakirələr aparılmalı, sənədlər, bukletlər, xəritələr, akademik məqalələr hazırlanmalıdır. Prezidentin vurğuladığı kimi, bu istiqamətdə çoxlu iş görülür, amma daha böyük həcmdə elmi əsərlərə ehtiyac var. Azərbaycan tarixinin bütövlükdə müstəqillik dövrünün geniş və sanballı şəkildə yazılması da bu kontekstin ayrılmaz hissəsidir. Çünki müasir güclü Azərbaycan dövlətçiliyinin formalaşması Qərbi Azərbaycana qayıdış üçün ən güclü əsaslardan biridir.
Milli ideyaya çevrilən hədəf
Bu gün Azərbaycan artıq yalnız öz haqq səsini dünyaya çatdıran ölkə deyil, eyni zamanda, beynəlxalq ədalətin bərpası prosesinə öz siyasi fəallığı ilə təsir göstərən aktordur. Qərbi Azərbaycan məsələsi də məhz bu strategiyanın tərkib hissəsidir. Bu, həm tarixi ədalət, həm xalqın mənəvi haqqı, həm də regionda uzunmüddətli sülhün təməlinin möhkəmləndirilməsi deməkdir. Qayıdış ideyası sabitlik, humanitar yanaşma və konstruktiv regional siyasətlə uzlaşdığı üçün bu məsələ Azərbaycanın dövlət siyasətində mühüm yer tutmağa davam edəcək.
Nigar Orucova, “İki sahil”
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə