Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında "Şahdəniz" yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.
Bildirilir ki, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak ediblər.
***
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında energetika sahəsində sazişlər imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR və BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcək" - deyə nazir qeyd edib.