05 iyun 2024 12:22
455

Poetik irsin incə cövhəri - Mikayıl Müşfiq

Mikayıl Müşfiq, XX əsrin əvvəllərində Azərbaycanda yetişən ən görkəmli şairlərdən biri, zəngin ədəbi irsə sahib olan bir şairdir. 5 iyun 1908-ci ildə Bakı şəhərində anadan olmuş şairin əsl ad-soyadı Mikayıl İsmayılzadədir. O, öz ədəbi fəaliyyətinə erkən yaşlarından başlamışdır və Müşfiq təxəllüsünü qəbul etmişdir. Müşfiqin şeirlərində lirizm, incə romantika və dərin humanizm hiss olunur. O, təbiətin gözəlliklərini, insanın daxili dünyasını və cəmiyyətin inkişafını təsvir edən bir çox əsərlər yazmışdır. Müşfiqin sevgi dolu şeirlərində təbiət təsvirləri ilə harmoniya içində olan məhəbbət, insanın ruhunu oxşayan bir melodiyaya çevrilir. O, sevdiyi insana duyduğu hissləri elə bir incəliklə ifadə edir ki, hər misra oxucuya sevgi ilə dolu bir dünya açır.

Müşfiqin qələmi ilə sevgi, sanki canlı bir varlığa çevrilir və hər bir oxucunun qəlbində dərin iz buraxır. Onun şeirlərində sevgi təbiətin gözəllikləri ilə vəhdət təşkil edərək, insana xoşbəxtlik və ümid bəxş edir. Müşfiqin poeziyasında təbiətin təsviri xüsusilə diqqətəlayiqdir. Onun "Oxu tar", "Ana", "Qaranquş" kimi şeirləri Azərbaycan poeziyasının incilərindən sayılır. Müşfiq, həmçinin xalq ədəbiyyatına, folklora böyük maraq göstərmiş və bunları öz yaradıcılığında məharətlə istifadə etmişdir. Təəssüflər olsun ki, bu qədər dəyərli bir şairi biz çox erkən yaşlarında itirdik. O, 1930-cu illərdə Sovet repressiyaları dövründə haqsız ittihamlarının qurbanı olur. 1937-ci ildə həbs olunmuş və 1938-ci ilin yanvar ayında güllələnmiş, onun adı yalnız 1956-cı ildə bəraət qazanmış və bu tarixdən sonra yaradıcılığı yenidən dəyərləndirilmişdir.

Bu gün Mikayıl Müşfiqin yaradıcılığı Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer tutur və onun şeirləri oxucular tərəfindən sevilərək oxunur. Mikayıl Müşfiq, qəlbinin dərinliklərindən süzülən hisslərlə yazdığı şeirlərində sevginin ən incə çalarlarını təsvir edir. Onun poetik dünyasında sevgi, bəşəriyyətin ən yüksək və ən təmiz duyğusu kimi ön plana çıxır. Müşfiqin şeirlərində sevgi, yalnız romantik bir duyğu deyil, həm də insanın varlığına məna verən, onu ucaldan və gücləndirən bir qüvvədir. Şair, hər bir misrasında sevgini ən gözəl sözlərlə bəzəyir, oxucusunu bu duyğunun sehrinə salır. Bu gün gənclər o şeirləri oxuyarkən, həqiqətən Mikayıl Müşfiqin yaradıcıllığına, düşünən beyninə heyran qalırlar.  “Yaşasaydı, kim bilir nə gözəl şeirlər yazardı”,- deyirik. Müşfiqin sevgi mövzusunda yazdığı əsərlər, sadəcə bir duyğunun ifadəsi deyil, həm də sevginin həyatımızdakı əhəmiyyətini göstərən bir sənət nümunəsidir. Onun qələmindən süzülən sevgi, insanı saflaşdıran, onu ucaldan və ona əbədi ilham verən bir mənbədir. Müşfiqin sevgi dolu misraları, həmişə oxucularının qəlbində yaşamağa davam edəcək, sevgi dolu dünyasını paylaşmağa davam edəcəkdir. Müşfiq, Azərbaycanın milli poeziyasına gətirdiyi yeniliklər və orijinal ifadə tərzi ilə yaddaşlarda daim yaşayacaqdır.

Gövhər Mərdanova,
Bakı Slavyan Universiteti,
jurnalistika ixtisası üzrə 2-ci kurs tələbəsi