05 iyun 2024 15:23
702

Mikrodalğalı sobalardan radiasiya sızması ehtimalı var? - Qida Təhlükəsizliyi Agentliyindən AÇIQLAMA/VİDEO

Vaxta qənaət etmək və yeməklərin tez hazırlanmasına görə mikrodalğalı soba ən çox istifadə edilən məişət cihazlarındandır. Lakin ondan istifadənin zərərli təsirləri barədə heç də istifadəçilərin hamısı xəbərdar deyil.

Bəs mikrodalğalı soba həqiqətən sağlamlığa zərərlidirmi? Hansı yeməklər ümumiyyətlə mikrodalğalı sobada qızdırılmamalıdır? Mikrodalğalı sobada yemək isitmək xərçəngə səbəb olur? Mikrodalğalı sobadan təhlükəsiz necə istifadə edək? Nəyə diqqət etməliyik?

Qida Təhlükəsizliyi Agentliyindən “İki sahil”ə bildirilib ki, mikrodalğalı soba – mikrodalğalı şüalanmadan istifadə etməklə, qida məhsullarının isidilməsi, həmçinin donmuş qida məhsullarında donun açılması və bəzi yeməklərin bişirilməsində istifadə olunan məişət avadanlığıdır. Bu cihazın işləmə prinsipi mikrodalğaların qidanın tərkibindəki su, şəkər, yağ molekulları ilə qarşılıqlı təsirinə əsaslanır və qidanın qısa zamanda isinməsini təmin edir. Elə buna görə də, ənənəvi isitmə metodlarından fərqli olaraq, yeməkləri tez zamanda isitməsi səbəbindən mikrodalğalı sobaların istifadəsi geniş yayılmışdır.

Mikrodalğalı soba sağlamlıq üçün heç bir təhlükə kəsb etmir, amma...

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, mikrodalğalı sobalardan istifadə qida məhsulları və insan sağlamlığı üçün heç bir təhlükə kəsb etmir. Sadəcə, düzgün istifadə qaydalarına riayət etmək tövsiyə olunur. Mikrodalğalı sobada yeməklərin qızdırılması zamanı mikrodalğalı sobalarda istifadəsinə icazə verilən qablaşma materiallarından (şüşə, kağız, keramika və ya plastik qablardan) istifadə olunmalıdır, çünki mikrodalğalar bu materiallardan keçmə xüsusiyyətinə malikdirlər.

Metal qablar və ya alüminium folqadan istifadə tövsiyə olunmur

Ümumiyyətlə, mikrodalğalı sobada metal qablar və ya alüminium folqa materialının istifadəsi tövsiyə olunmur, belə ki mikrodalğalı sobalar bu materiallardan əks olunaraq yeməyin qeyri-bərabər bişməsinə və sobanın zədələnməsinə səbəb ola bilər. Hər bir mikrodalğalı sobanın təlimat kağızında istifadə ediləcək qabların növləri və istifadəsi ilə bağlı məlumatlar öz əksini tapır. İstismar müddəti başa çatmış mikrodalğalı sobalarda radiasiya sızması ehtimalı olduğundan istifadəsi tövsiyə olunmur.

Müasir mikrodalğalı sobalarda istifadə olunan dalğalar radio dalğalar kimi qeyri-ionlaşdırıcıdır. Məlum olduğu kimi qeyri-ionlaşdırıcı şüalar xəstəliklərə, eləcə də xərçəng xəstəliyinə səbəb olmur (ultrabənövşəyi şüalar istisna olmaqla). Beləliklə,  mikrodalğalı sobadan qaydalara uyğun istifadə insan sağlamlığı üçün hər hansı təhlükə təşkil etmir.

Yaqut Ağaşahqızı, “İki sahil”