11 sentyabr 2026 18:57
95

Çin iqtisadi tərəfdaşımızdır

Azərbaycan-Çin münasibətləri uzaq əsrlərə söykənir. Ta qədimdən bu ölkələri əsasən ticari əlaqələr birləşdirib. Biz Çin nağıllarını sevə-sevə mütaliə etmiş və bu xalqın mədəniyyəti ilə də tanış olmuşuq. Kosmosdan görünən dünyanın “yeddi möcüzəsi”ndən birini seyr etməklə qədim Çin arxitekturasının zirvəsini heyrətlə izləmişik.  Çinlilər də bizim mədəniyyətimizə, incənətimizə maraq göstərirlər. 1995-ci il aprelin 12-dən 21-dək dost ölkədə məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin sərgisi keçirilib. Qeyd etmək xoşdur ki, Azərbaycanın ən ağır, Qarabağ müharibəsinin qızğın çağında-1992-ci ildə Çin Xalq Respublikası ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. BMT-nin qətnamələrini əldə rəhbər tutmaqla işğala mənfi münasibətini bildirib. Ölkələrimiz o vaxtdan diplomatik əlaqələr qurub.

Müasir dövrdə də həmin münasibətlər uğurla davam etməkdədir. Dəfələrlə Azərbaycan nümayəndə heyətləri Çində, dost ölkənin nümayəndə heyətləri Azərbaycanda səfərdə olublar. Bakıdakı ticarət mərkəzlərində, yarmarkalarında, küçələrdə Çin vətəndaşlarına tez-tez rast gəlmək mümkündür. Əvvəllər küçə ticarətində çoxluq təşkil edən onlar idi. Azərbaycan dilində ünsiyyət qurmağı öyrəniblər, şəhərin mərkəzi küçələrində kirayə mənzillərdə yaşayır, adət-ənənələrimizə hörmətlə yanaşırlar. Azərbaycanın bağladığı bir neçə müqavilədə Çin şirkətlərinin payı var. Bir sözlə, iqtisadi-ticari əlaqələrimiz möhkəmdir və ildən-ilə onun coğrafiyası daha da genişlənir.

“Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünün birgə qurulmasında Çinin əsas tərəfdaşıdır.”

Xəbər verilir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 34 il ərzində tərəflər daim qarşılıqlı hörmət, bərabərlik, fayda və yardım prinsiplərinə sadiq qalırlar. Bu barədə danışan səfir öz fikrini belə ifadə edib: "Siyasi qarşılıqlı etimad daha da dərinləşir, praktiki əməkdaşlıq müsbət nəticələr verir, humanitar mübadilələr isə getdikcə daha da sıxlaşır. Azərbaycan Böyük İpək Yolunun mühüm qovşağı, eləcə də "Bir kəmər, bir yol" təşəbbüsünün birgə qurulmasında əsas tərəfdaşdır".

Bəli, Azərbaycan bu istiqamətdə artıq əməli addımlar da atır. Çünki bu layihə başa gələndən sonra nəhəng nəqliyyat qovşağına çevriləcək. Hələlik onu deyə bilərik ki, bazarlarımız Çin iş adamlarının üzünə açıqdır.

Qeyd etməliyik ki, Azərbaycan bazarlarında Çin istehsalı olan mallar böyük yer tutur. Çinlilər əsasən Bakıda işləməyə üstünlük verirlər. Maya dəyəri ucuz başa gələn Çin malları mağazalarımızda həvəslə alınır. Dost ölkənin minik avtomobilləri də bu qəbildəndir. Çin şirkətləri ölkəmizə dünyanın bir çox ölkələrin ticarət qurumlarından daha tez gələrək iş qurublar və Azərbaycanda populyarlıq qazanıblar. Bundan məmnunuq və münasibətlərimizin daha da dərinləşdirilməsini arzulayırıq.

Vəli İlyasov, “İki sahil”