Köndələnçay su anbarları kompleksi vasitəsilə Füzuli rayonunun 6.2 min hektardan çox torpaq sahəsinin suvarılmasını yaxşılaşdıracaq.
"İki sahil"in Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Elçin Məmmədov bildirib.

E.Məmmədov qeyd edib ki, su anbarları Füzuli rayonu Dövlətyarlı, Yuxarı Yağlıvənd və Mirzəcamallı kəndləri ərazisində yerləşir: "Köndələnçay-1 su anbarında layihə əsasında torpaq bəndin yuxarı byefində dağıdılmış bermanın və bütün bənd boyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpa olunub.

Köndələnçay-2 su anbarında isə daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub."