06 iyun 2024 12:49
379

SOCAR-ın vitse-prezidenti: “Ümid” yatağının böyük potensialı var

“Ümid” yatağının 6 quyusu var və kəşfiyyat işlər bu quyuların böyük potensialı olduğunu göstərir. Biz “Total” şirkəti ilə əməkdaşlıq edərək bu quyuların işlənməsini həyata keçirəcəyik.

“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunda “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, geoloji kəşfiyyat işlərinin aparılması üçün SOCAR-ın yaxşı komandası var.

““Qarabağ” yatağının kəşfiyyatı da onun potensialının böyük olduğunu deyir və yaxın 3 ilə bu yataqdan təbii qaz hasil ediləcək. Bundan başqa, “Abşeron”, “Qarabağ”, “Naxçıvan”, “Babək” yataqlarında da geoloji kəşfiyyat işləri həyata keçirilib və böyük həcmdə neft və qaz ehtiyatları müəyyən edilib”, - deyə Babək Hüseynov əlavə edib.

B. Hüseynov nəzərə çatdırıb ki, 30 ildir istismar olunmasına baxmayaraq Azəri-Çıraq-Günəşli (AÇG) yatağının imkanları böyükdür və gələcəkdə də hasilat davam edəcək: “SOCAR xarici tərəfdaşları ilə birlikdə çox etibarlı infrastruktur yaradıb, neft və qaz ixracını həyata keçirir. AÇG yataqlar blokunun infrastrukturu da mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurun qaz kəmərləri AÇG yataqlar blokunun nəqliyyat infrastrukturudur. Bu kəmərlər ixracın həyata keçirilməsində əhəməiyyətli rol oynayırlar. “Şahdəniz” yatağından hasil olunan təbii qaz isə Cənub Qaz Dəhlizi vasitəsi ilə ixrac olunur”.