Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı ilə “Sənayenin “xalis sıfır”a gedən yolunu formalaşdırmaq və “OGDC”nin ambisiyalarını həyata keçirmək” mövzusunda beynəlxalq tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə SOCAR, bp, “Saudi Aramco”, “ADNOC”, “Petronas”, “TotalEnergies”, “ExxonMobil” kimi beynəlxalq enerji şirkətlərinin, “Ətraf Mühitin Mühafizəsi Fondu”nun (EDF), Beynəlxalq neft-qaz sənayesində ətraf mühitin mühafizəsi Assosiasiyasının (IPIECA), Beynəlxalq Enerji Agentliyinin (IEA), Dünya Bankı kimi nüfuzlu təşkilatların, həmçinin “WOOD”, “Baker Hughes”, “SLB”, “Uniper”, “Mitsubishi Corporation”, “Honeywell”, “Fortescue”, “Bain & Company”, “Boston Consulting Group”, “Wolters Kluwer Enablon” kimi bir sıra tanınmış şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
İlk öncə “OGDC” barədə ətraflı məlumat verilib, təşkilatın inkişafı, gələcək hədəfləri, habelə əhatə dairəsinin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb. Qlobal miqyasda neft-qaz şirkətlərinin dekarbonizasiya fəaliyyətinə “OGDC”-nin təşəbbüslərinin təsiri, Xartiya üzvləri tərəfindən emissiyaların azaldılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib, mövzu üzrə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı üzv təşkilatların 2050-ci ilə qədər neft-qaz əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə, “xalis sıfır”a nail olunması “OGDC”-nin əsas hədəfi kimi qeyd olunub.
SOCAR-ın prezidenti Rövşən Nəcəf panel sessiyasında çıxış edərək, şirkətin dekarbonizasiya hədəfləri, enerji keçidi və davamlı inkişafın təmin olunmasına dair fəaliyyəti, emissiyaların azaldılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. Rövşən Nəcəf COP29 ərəfəsində “OGDC” tədbirinin SOCAR-ın dəstəyi ilə Bakıda keçirilməsinə dair şirkətin təşəbbüsün, iqlim dəyişmələri ilə mübarizə və bu sahədə qlobal çağırışlara həssas yanaşmanın göstəricisi olduğunu qeyd edib.
Tədbirdə “OGDC”nin fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlıq bildirilib, bu kimi tədbirlərin Xartiyanın icrasına önəmli töhfələr verəcəyi, habelə əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayacağı vurğulanıb.
Qeyd edək ki, SOCAR 2023-cü ildə COP28 zamanı irəli sürülmüş “OGDC” Xartiyasının həmtəsisçilərindən biri olmaqla, Xartiyanın Rəhbər Komitəsində təmsil olunan 12 şirkətdən biridir. OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.