07 iyun 2024 14:58
810

“Dekarbonizasiya dinamikasının saxlanılması” mövzusunda dəyirmi masa keçirilib FOTO

“Atlantik Şura"nın təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Dekarbonizasiya dinamikasının saxlanılması” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki,  SOCAR, “ADNOC”, bp, “ExxonMobil”, “Petronas” kimi beynəlxalq enerji şirkətlərinin qatıldığı dəyirmi masada müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin, o cümlədən “Baker Hughes”, “Honeywell”, “GE Vernova”, “Teneo”nın nümayəndələri, həmçinin Ətraf Mühitin Mühafizəsi Fondu, “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” (OGDC), Beynəlxalq Enerji Agentliyi, “Atlantik Şuranın Qlobal Enerji Mərkəzi”, Neft-Qaz İqlim Təşəbbüsü, “McKinsey”, “Kapital Bank”, “Pasha Bank”, “Bank of Baku”, “Access Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın təmsilçiləri iştirak ediblər.

Tədbirdə OGDC təşəbbüslərinin icrası istiqamətində dekarbonizasiya həllərinə, bu sahəyə maliyyə resurslarının cəlb edilməsi yollarının araşdırılmasına, OGDC-ni imzalayan şirkətlərin öhdəliklərini dəstəkləmək üçün sektorlar arası tərəfdaşlıqların gücləndirilməsinə və məlumatlılığın artırılmasına dair müzakirələr aparılıb.

Dəyirmi masada sənaye sektorunda dekarbonizasiya həllərinin inkişaf etdirilməsi üçün əsas amillərdən birinin maliyyə resurslarının cəlb edilməsi olduğu vurğulanıb. Azərbaycanda yerli bank sektorunun bu prosesdə iştirakının emissiyaların azaldılması layihələrinin icrası zamanı maliyyə resurslarına əlçatanlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, bu sahədə məlumatlılığın artırılması və mümkün layihələrin icrasına dair birgə təkliflərin hazırlanmasının  vacibliyini vurğulanıb.