09 iyun 2024 07:30
911

Bizim ailəmiz Türk dünyasıdır

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu barədə açıq şəkildə bildirir: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.” Bu ifadə, Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA nümayəndə heyəti ilə görüşdə deyib: “Bu ilki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir”. Qeyd etməliyik ki, hələ bir neçə il əvvəl Prezident İlham Əliyev türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, türk dünyası yalnız türk dövlətlərindən ibarət deyil, türk dövlətlərindən kənarda yaşayan türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Qəbulda çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva Prezident İlham Əliyevin TÜRKPA-nın yaradılması ideyasının öz müsbət nəticələrini verdiyinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə edib. Dövlətimizin başçısı iki dost ölkə arasında əlaqələrin möhkəmlənməsini böyük nailiyyət kimi səciyyələndirərək “Əziz qardaşım Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın, onunla tezliklə görüşməyə ümid edirəm. Bilirsiniz, ilin sonuna qədər bizim görüşlərimiz olacaq - həm mənim səfərim, həm də bilirəm ki, Şavkat Miromonoviç bu ilin noyabrında keçiriləcək iqlim konfransında iştirak etməyi planlaşdırır. Bizim hələ beynəlxalq platformalarda da əlaqələrimiz olacaq. Siz də yaxşı bilirsiniz ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri necə uğurla, deyərdim ki, inanılmaz sürətlə inkişaf edir. Yəqin 7-8 il əvvəl kimsə desəydi ki, biz belə bir əməkdaşlıq səviyyəsinə çatacağıq, buna inananlar az olardı. Bu, əlbəttə ki, böyük nailiyyətdir”, - deyə vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında Türk dünyasının böyük potensiala malik olduğuna diqqət çəkib. “Orta Asiya dediyimiz Özbəkistandan, Qazaxıstandan başlayan, Qafqazdan Anadoluya, oradan da Avropaya - ta Macarıstana qədər uzanan coğrafiyada təxminən 300 milyon türk yaşayır. Bu, böyük bir potensialdır. Həm insan gücü baxımından, həm də yeraltı, yerüstü sərvətlər baxımından qeyri-adi böyük bir potensialdır. İnşallah, Türk dövlətləri bunu öz aralarında ən doğru şəkildə istifadə edərək yeni dünyada böyük bir güc mərkəzinə çevriləcək. Türk dünyasının önəmli bir güc balansı olması dünyada sülhə əsla təhdid deyil, tam əksinə, dünyada sülhün təmin edilməsi üçün bir imkan, bir fürsətdir”, - deyə Numan Kurtulmuş bildirib.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirən Prezident İlham Əliyev qardaş ölkənin və onun Lideri Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsində ölkəmizə güclü mənəvi-siyasi dəstək verdiyini minnətdarlıqla xatırlayıb. Dövlətimizin başçısı əminliyini ifadə edərək bildirib ki, Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. “Çünki siz də qeyd etdiyiniz kimi, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov çıxışında Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı əlaqələrin nümunəvi olduğunu bildirib. Bunun səbəblərinə diqqət çəkən Yerlan Koşanov vurğulayıb: “Uğurumuzun açarı Sizinlə Prezidentimiz Kasım-Jomart Kemeleviç Tokayev arasında etimada əsaslanan dialoqdur. Siz artıq iki dəfə Qazaxıstanda olmusunuz, bu il Prezidentimiz dövlət səfərində olub. Nümayəndə heyətimiz çox xoş təəssüratla qayıtdı. Həqiqətən də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi tarixi hadisə oldu. Bu, doğrudan da böyük hadisə idi”. 

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bir qədər bundan əvvəl Azərbaycana dövlət səfərinin çox uğurlu keçdiyini və yaxşı nəticələrlə yadda qaldığını bildirib. Dövlətimizin başçısı səfər çərçivəsində Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açıldığını xatırladaraq deyib:  “Bu, artıq qardaş ölkələrin Füzuli şəhərinə ikinci hədiyyəsidir. Birincisi - ötən ilin avqustunda biz Şavkat Miromonoviçlə Uluqbəy adına məktəbin açılışını etmişdik. Ona görə də indi Füzulidə uşaqlar Uluqbəy adına məktəbə, dərsdən sonra isə Kurmanqazı adına Yaradıcılıq Mərkəzinə gedirlər. Bilirsiniz, bunlar məhz bizim danışdıqlarımız və istədiklərimizdir: qoy xalqlarımız daim bir-birinin dəstəyini hiss etsinlər. Heç də az olmayan vəsaitə başa gələn bu iki çox böyük təhsil ocağı qardaşlarımızın hədiyyəsidir, həmişəlik orada qalacaq”.

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidentinin Nurlanbek Şakiyevi qəbulu zamanı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Qırğızıstan tərəfindən məktəbin inşasının həyata keçirilməsi ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsi kimi qiymətləndirilib. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirir. Bildiyimiz kimi, türk dövlətləri də Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, eləcə də bu ilin martında isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də qeyd etdiyimiz kimi, Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəbin təməlinin qoyulması ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir.

Ötən müddət ərzində qardaş ölkələrin yaxınlaşmasına mühüm töhfə verən Azərbaycan türk dövlətlərinin birləşməsində və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.

Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir və geniş bir coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı və demoqrafik vəziyyətin müsbət olması, bu böyük güc potensialını təşkil edir. Bizim vəzifəmiz, bu potensialı dünya miqyasında böyük bir gücə çevirməkdir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Türk dünyasının birliyini daha da möhkəmləndirir və gələcəkdə bu birliyin dünya səhnəsində daha da güclənməsinə töhfə verir.

Taleh Yusifov, 
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun şöbə müdir müavini,
YAP Xətai rayon təşkilatının üzvü