12 iyun 2024 00:57
961

Soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı xəyali deyil, real hədəfdir

Bu prosesin dinc vasitələrlə yekunlaşması üçün imkanlar mövcuddur

Qədim və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda indi bir nəfər də olsun soydaşımız yaşamır. Çünki hayların 200 il əvvəl Cənubi Qafqazda məqsədli şəkildə məskunlaşdırılmasından sonra soydaşlarımız tədricən öz doğma yurdlarından deportasya edildilər. Bu barbar proses həm Çar Rusiyası, həm də Sovet hökuməti tərəfindən mərhələli şəkildə, hətta bir çox hallarda soyqırımı səviyyəsində həyata keçirilmişdi. Tarixi mənbələrə nəzər salanda aydın şəkildə görünür ki, son bir əsrdə ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri də ötən əsrin əvvəllərində  bolşevik Rusiyasının yaratdığı qondarma Ermənistana tarixi şəhərimiz İrəvanın verilməsi oldu. O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin  zəifliyi də İrəvanın ermənilərə verilməsinə şərait yaratdı. Bununla kifayətlənməyən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra digər torpaqlarına da sovet hakimiyyətinin köməyi iləsahib oldular. Prezident İlham Əliyev bunu xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirərək deyib: «Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi».

1948-1953-cü illərdə də xalqımız növbəti dəfə  Qərbi Azərbaycandakı  öz doğma torpaqlarından  deportasiya edilib. Ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli  «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarın əsasənda 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

1980-ci illərin sonlarında isə erməni millətçiləri növbəti dəfə xalqımıza qarşı soyqırımı və deportasya planlarını işə saldılar. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında sovet hökumətindəki ali vəzifələrindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçiləri SSRİ-nin qatı ermənipərəst rəhbəri Mixail Qorbaçova arxalanaraq həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti soyqırımına başladılar. Nəticədə qısa müddətdə azərbaycanlılar tarixi torpaqlarından- Qərbi Azərbaycandan tamamilə deportasiya edildilər. Bu deportasiya ilə kifayətlənməyən barbar ermənilər yenə də Rusiyadan hərbi dəstək alaraq 1990-1993- cü illərdə  Qarabağı və Şərqi Zəngəzuru işğal etdilər. Nəticədə on minlərlə azərbaycanlı məhv edildi, 1 milyona yaxı soylaşımız  isə qaçqın və məcburi köçkünə çevrildi.

Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Tarixi torpaqlarımız olan İrəvana,  Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim kənd və qəsəbələrimizin adlarını erməniləşdiriblər.
Məhz İkinci Qarabağ müharibəsində parlaq Qələbəyə nail olan Azərbaycan növbəti tarixi Zəfərini  2023-cü ilin sentyabrın 19-da həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri ilə qazandı. Bununla da qondarma «dqr» birdəfəlik  məhv edildi. Onun qondarma «liderləri» isə həbs edilərək Azərbaycan dövlətinin ədalət mühakiməsinə təhvil verildilər. Təbii ki, bu  zəfərlərdən sonra  Azərbaycan dövlətinin növbəti tarixi missiyası Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirmişdir ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımız da tarixi torpaqlarına qovuşacaqlar: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.»

Qeyd etdiyimiz kimi, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Bu baxımdan  Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən «Qərbi Azərbaycana Qayıdış Konsepsiyası» böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi «Qayıdış Konsepsiyası» indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməli olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Bir faktı da xüsusi vurğulamaq lazımdır ki, ötən 35 ildə Ermənistandakı sosial-iqtisadi tənəzzül yaşayış məskənlərini də viranə qoymuşdur. Bu gün orada azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya da boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək onlar istədikləri kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilmirlər. Bəzilərində yaşasalar da lakin onların əksər hissəsi boşdur. Ona görə də Ermənistan dövləti azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək hətta məskunlaşmaq imkanları yaratmalıdır.

Bəli, nə qədər ki xalqımızın cənab İlham Əlyev kimi müzəffər Ali Baş Komandanı var, biz tarixi Göyçə, Zəngəzur torpaqlarına da qayıdacağıq. Çünki biz bir dövlət  və millət olaraq bu həsrəti bitirəcək qədər qətiyyətli və güclüyük.

Elçin Zaman, «İki sahil»