25 dekabr 2017 18:26
586

ABŞ-da Milad bayramı satışın mövsümi artımı ilə müşayiət edilir

Dekabrın 25-i Birləşmiş Ştatlarda İsa peyğəmbərin mübarək mövludu bayram edilir. Bu gün istirahət günü sayılır, ailə bayramları və müxtəlif hədiyyələrlə müşayiət olunur. Bayram katoliklərin Milad bayramının əsas atributları olan Santa Klaus və bəzədilmiş yolka ilə assosiasiya edir. Amerikalılar evlərini illüminasiyalarla bəzəyirlər. Evlərin qarşısında işıq saçan, əsasən İsa peyğəmbərin mövludunun rəmzi olan fiqurlar qoyulur. Evlərin və mağazaların sahibləri giriş qapılarının qarşısında bəzədilmiş Qar adamlar qoyurlar, qapılardan isə qəşəng yolka çələngləri asılır.

Milad bayramı Ağ Evdə də hər il qeyd edilir. Ağ Evin qarşısında “Milli Milad yolkası”nı əkmək təşəbbüsünü ABŞ-ın 30-cu Prezidenti Kalvin Kulicin (1923-1929) həyat yoldaşı – birinci xanım Qreys Kulic irəli sürüb. 1923-cü ilin noyabrından başlayaraq Ağ Evin qarşısında hündür yolkanın bəzədilməsi ABŞ Administrasiyasının ənənəsinə çevrilib. 1954-cü ildən etibarən hər il hündürlüyü 15 metr olan əsas yolkanın ətrafında onlarca kiçik yolkalar əkilir. Bunlar ABŞ-ın 50 ştatının, Kolumbiya dairəsinin və ölkənin hüdudlarından kənarda ABŞ ərazilərinin rəmzidir.

AZƏRTAC xəbər verir ki, amerikalıların evlərində Milad bayramının qeyd edilməsi adətən dekabrın 24-dən 25-nə keçən gecə kilsədən gəldikdən sonra başlanır. Bayramı əsasən valideynlərinin evlərində keçirən amerikalılar erkən səhər yeməyinə toplaşırlar. Onlar səhər bir-birinə hədiyyələr verir və Milad bayramı münasibətilə xoş arzularını bildirirlər. Miladdan bir neçə həftə əvvəl amerikalılar çoxsaylı alış-veriş edirlər. Milad mövsümü bütün il ərzində ən böyük iqtisadi stimul hesab edilir.

“First Data” şirkətinin hesabatına görə, 2017-ci ilin sonunda bayram mövsümündə amerikalıların pərakəndə məsrəfləri 6,6 faiz artıb. İnternet vasitəsilə pərakəndə satış (11 faiz) əvvəllərdə olduğu kimi, mağazalardakı ənənəvi satışı (5,4 faiz) üstələyir. Ən böyük pərakəndə məsrəf artımı elektrik və məişət texnikasında qeydə alınıb, bu sahədə satış 11,8 faiz çoxalıb. “Consumer Research” şirkətinin “GfK Custom Research North America” ilə birgə apardığı sorğuya görə, iqtisadiyyatda və şəxsi maliyyədə amerikalıların arxayınlığı son ildə artıb. 2017-ci ilin sorğusuna görə, adamların təkcə 19 faizi Milad bayramı mövsümündə büdcə xərclərinə nəzarət etməyin onlar üçün ən yüksək prioritet olmasını söyləyiblər.