13 iyun 2024 12:03
250

Şanlı Milli Qurtuluş tariximiz

1993-cü ilin iyun ayında Azərbaycan öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyətlər bir-birini əvəz edirdi. Öz içərimizdə də vətən xainlərinin sayı artmışdı. Onlar yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə müqəddəs torpaqlarımızı düşmənlərə təslim edirdilər. Xəyanətkarlıq baş alıb gedirdi. Xaricdəki ağalara sədaqətlə nökərçilik etmək üçün öz içərimizdə olan satqınlar bir-biri ilə bəhsə girmişdilər. Satqınlıq, xəyanət adi hal almışdı. Bacarıqsız, siyasətdən başı çıxmayan “rəhbərlər” vəziyyəti düzgün qiymətləndirə bilməmiş, Azərbaycanın müstəqilliyini istəməyən böyük dövlətlərlə açıq düşmənçiliyə başlamışdılar. Vətənimiz çox güclü düşmənlərlə üz-üzə qalmışdı. Rayonlarda, paytaxtımızın ayrı-ayrı məhəllələrində silahlı dəstələr hökmranlıq edirdilər. Axşamlar atışma səslərindən camaat evlərində rahat yata bilmirdi. Çirkin yollarla qazanc ələ keçirənlərin sayı artmışdı. Uşaqları, böyükləri girov götürür, çoxlu pul alandan sonra azad edirdilər. Xalq qorxu və vahimə içərsində yaşayırdı.

Ölkəyə, ayrı-ayrı rayonlara rəhbərliyi ələ keçirmiş bir qrup vəzifəpərəst Sovet dövləti dövründə toplanmış xalq malına zəli kimi daraşmışdılar.Talançılıq baş alıb gedirdi. Elə bil ki, heç dövlət yox idi. Ölkəyə başçılıq edənlər təyyarələrini hazır saxlayır, vəziyyət bir az çətinləşən kimi qaçıb aradan çıxırdılar. Əslində dövlətimizin idarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə fırtınalı dənizdə sükançısı olmayan gəmiyə bənzəyirdi. Xalq ümidsizlik içərisində idi. Sabaha inam qalmamışdı. Azərbaycanın xaricdəki düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Bu zaman hakimiyyət uğrunda AXC-Müsavat cütlüyünün öz daxilində ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə genişlənməkdə idi. Daxilimizdəki satqınlar da Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar.

1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Surət Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Əlikram Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” yaratmağa çalışırdı. Separatçı ünsürlər eyni vaxtda ölkəmizin şimal-şərq bölgəsində “Ləzgistan dövləti” yaratmaq xülyasına düşmüşdülər. İyunun 4-də hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. 709 saylı hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər yaralandı. Qiyamçılar tərəfindən 1200 döyüşçü, eyni zamanda respublika Baş prokuroru girov götürüldü. Onlar hakimiyyəti silah gücünə ələ keçirmək üçün Bakıya Ali Sovet sədrinin, Baş nazirin, bir qədər sonra isə Prezidentin istefa verməsi tələbi ilə ultimatum göndərdilər, cavab almadılar və Bakıya doğru hərəkət etdilər. Xarici havadarların  buyruğu və köməyi ilə hakimiyyəti zorla ələ keçirməyə çalışan Surət Hüseynov bu məqsədlə öz hərbiçiləri ilə Bakı istiqamətində hücuma keçərək Navahı kəndi yaxınlığında düşərgə salmışdı. Burada Əbülfəz Elçibəyin tərəfdarları ilə Surət Hüseynovun dəstələri arasında atışma baş vermiş, bir ölkənin vətəndaşları bir-birinin qanını axıtmışdılar. Hər iki tərəf yeni toqquşmalara, bir-birini məhv etməyə hazırlaşırdı.

Ölkə vətəndaşları iki cəbhəyə bölünmüş, əldə silah üz-üzə dayanmışdılar. Qardaş qırğını başlamaqda idi. Bir vətənin övladları - doğma qardaşlar arasında dəhşətli bir müharibə alovlana bilərdi. Bu cür müharibələrə tarixdə vətəndaş müharibəsi deyilir. Beləliklə, Azərbaycanı hər an daha ağır faciələr gözləyirdi. Müstəqilliyini yeni qazanan ölkədə özünü büruzə verən özbaşınalıqlar, hakimiyyətsizlik dövləti məhv olmaq dərəcəsinə gətirmişdi. İqtisadi böhran, inflyasiya tüğyan etməyə başlamış, çörək növbələri yaranmışdı. Xalq qorxu içində yaşamağa məhkum edilmişdi.

Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anlarda Azərbaycan xalqının, Vətənimizin yeganə ümidi, qurtuluş çırağı ümummilli liderimiz Heydər Əliyev oldu. Xalqın ümid nəzərləri öz sevimli oğluna - o zaman Naxçıvana rəhbərlik edən ulu öndər Heydər Əliyevə yönəlmişdi. Bu da təsadüfi deyidi. Xalqımızın azadlıq mübarizəsi, müstəqilliyimizin dirçəlişi Naxçıvanda daha uğurla gedirdi. Naxçıvanda yeni həyatın qurulmasına ulu öndərimiz Heydər Əliyev başçılıq edirdi.

Həmin çətin anlarda ümummilli liderimiz Heydər Əliyev öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün o vaxtkı iqtidara yol göstərməyə çalışırdı. Bu məsləhətlərə məhəl qoymayan, səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirmiş dövlət rəhbərləri son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Eyni zamanda artıq ziyalılar və xalq ümummilli lider Heydər Əliyevin ölkəyə qyıdışını təkidli şəkildə tələb edirdilər. Nəhayət, 1993-cü il iyunun 9-da xalqın xilaskar oğlu Bakıya qayıtdı. Azərbaycan xalqı öz xilaskarını sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin, separatçılığın qarşısı alındı. Həmçinin zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.

1993-cü il 15 iyun ümummilli lider Heydər Əliyevin qayıdışı günü xalqın soykökünə qayıdışı və milli özünüdərkin başlanğıcı idi, bu gün xalqda gələcəyə inam yaratdı, məhrumiyyətlərə, dövrün bəlalarına qarşı onda bir güc, əzm yaratdı. O inam, o güc qısa bir zamanda birə-beş artıb gücləndi. Bu gücün, bu inamın mənbəyi ulu öndərimiz Heydər Əliyev idi. Xalq inanırdı və əmin idi ki, müstəqilliyimizi qoruyub saxlamağa yalnız ulu öndər Heydər Əliyev qadirdir.

Prezident Əbülfəz Elçibəy iyunun 18-də gecə xəbər vermədən paytaxtı tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. Ona dəfələrlə edilən geri qayıtmaq təklifləri cavabsız qaldı. İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Ölkədə yaranmış olan qarışıq durumdan istifadə edərək Əlikram Hümbətov respublikanın 7 cənub rayonunda “Talış-Muğan respublikası” yaratdığını elan etmiş, “hökumət” qurmuşdu. Ulu öndər Heydər Əliyev həmin bölgədən olan deputatlar, ziyalılar və ağsaqqallarla görüşdü, televiziya vasitəsilə bölgə əhalisinə müraciət etdi. Görülən təxirəsalınmaz işlər nəticəsində Əlikram Hümbətov və onun əhatəsi zərərsizləşdirildi, qondarma “Talış-Muğan respublikası” ləğv edildi. Ölkənin şimal-şərq sərhəddində sadvalçıların özbaşınalığına da son qoyuldu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı.

Xalq Azərbaycanı olmazın bəlalardan xilas edən ulu öndərimiz Heydər Əliyevin ətrafında  daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda iştirak edənlərin 97%-dən çoxu ona etimadsızlıq göstərdi. 1993-cü il oktyabrın 3-də isə Azərbaycan xalqı Heydər Əliyevi böyük  səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümumxalq dəstəyi ilə Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Həmin vəzifələri həyata keçirmək işi dövlət intizamının, qanunçuluğun, hüquq - mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başlandı.

Əvvəlki iqtidarların ordu quruculuğu ilə, demək olar ki, məşğul olmaması nəticəsində hərbi hissələr siyasiləşmiş müxtəlif qüvvələrin təsiri altına düşmüşdü. Səfərbərlikdən yayınma və fərarilik halları baş alıb gedirdi. Müxtəlif siyasi qüvvələrə sadiq hərbi hissələrinin döyüş bölgələrində törətdikləri təxribat nəticəsində Qarabağda bir çox rayonlarımız işğal olunmuşdu. Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. Ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu. Müvafiq qərarlar qəbul edildi.

Ulu öndər Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi, xalqı ölkənin qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Prezidentin çağırışı xalqı silkələdi, hərəkətə gətirdi. Könüllülərdən ibarət dəstələr yaradılıb cəbhəyə göndərilirdi.Ümummilli lider Heydər Əliyev şəxsən cəbhə bölgələrində olur ordunun döyüş əhval-ruhiyyəsi ilə tanış olurdu. Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsi dövlət rəhbərliyinin ciddi nəzarəti altına alındı. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il mayın 12-də atəşkəs əldə edildi.

1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan, milli həyatımızda qlobal əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması isə müstəqilliyimizin əleyhdarlarını daha da hiddətləndirdi.

Cəmiyyətdə vahimə yaratmaq üçün onlar Milli Təhlükəsizlik Nazirliyi  istintaq təcridxanasından dövləti cinayətdə ittiham olunan dörd dustağı qaçırmağa nail oldular. Həmin ərəfədə, daha dəqiq desək 1994-cü il oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarları isə  icra hakimiyyətinin binasını tutdular.        

Oktyabrın 3-dən 4-nə keçən gecə ulu öndər Heydər Əliyev daha bir sayıqlıq göstərərək, dövlət müstəqilliyinin xilası naminə radio və televiziya ilə xalqa müraciət etdi. Gecə yarısı olmasına baxmayaraq yüz minlərlə adam dövlətçiliyin müdafiəsinə qalxaraq Prezident sarayı qarşısına toplaşdı. Xalq və Heydər Əliyev birliyini görən qiyamçılar geri çəkilməli oldular.

1995-ci ilin martında yenidən dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakıda isə Rövşən Cavadov Prezidentin və Ali Sovet sədrinin istefası ilə çıxış etdi. “8-ci kilometr” qəsəbəsində məskən salmış qiyamçılar, iqtidarın silahları könüllü təhvil vermək tələbinə məhəl qoymayıb, hökumət idarələrini və Prezident sarayını ələ keçirmək üçün şəhər istiqamətində hücuma cəhd etdilər. Hökumət qüvvələrinin çevik əməliyyatları nəticəsində onların qarşısı alındı.

1995-ci ilin ortalarında Azərbaycan bütün qeyri-qanuni silahlı qüvvələrdən xilas olmuş tamamilə möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda böyük işlərə başlamaq üçün ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradılmışdı. Bütün çətinliklərə baxmayaraq, Respublikada demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətlə davam etdirilirdi.

Azərbaycanın müstəqilliyini istəməyən daxili və xarici qüvvələrin bütün fitnə-fəsadlarına baxmayaraq dövlətimizin rəhbəri Azərbaycanın bütovlüyünü hədələyən, xalqın dinc həyatına qənim kəsilmiş silahlı quldur dəstələrini, separatçı birləşmələri yeganə silahı olan dərin zəkası və xalqın dəstəyi ilə tamamilə darmadağın etdi, cəmiyyətdə zorakı yollarla siyasi məqsədlərə nail olmaq praktikasına birdəfəlik son qoydu. Xalqın çoxdan arzusunda olduğu sabitlik və əmin-amanlıq  bərqərar edildi. Yadelli işğalçıların müdaxiləsinin qarşısı tamamilə alındı.

Ümummilli liderimiz Heydər Əliyevin görmüş olduğu misilsiz işlərin nəticəsidir ki, məhz həmin dövrdə hərc-mərcliyin, saysız-hesabsız siyasi, ictimai, iqtisadi sosial problemlərin didib-dağıtdığı Azərbaycanda bu gün asayiş, əmin-amanlıq hökm sürür.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan regionun hər cəhətdən inkişaf etmiş dövlətinə, dünyada isə söz sahibinə çevrilmişdir. Məhz bunun nəticəsində də torpaqlarımız dövlətimizin gücü ilə işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı