13 iyun 2024 16:39
339

Aİ Azərbaycanla birgə COP29-da ən yaxşı nəticələrə nail olunacağına ümid edir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində sonuncu “Gələcək peşələr və gələcəyin bacarıqları” mövzusunda seminar keçirib.

“İki sahil” xəbər verir ki,  seminarın açılışında çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib ki, Aİ Azərbaycanın regionlarında yüzlərlə layihə həyata keçirib və bu layihələr əsasən 7 sahəni əhatə edir. Bunların arasında təhsil, mədəniyyət sahələri də var.

“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müxtəlif təşəbbüs və proqramlar Azərbaycan gəncləri üçün fərdi və peşəkar inkişaf məqsədilə geniş çeşiddə imkanlara çıxış yaradıb. Avropa İttifaqı istər "Erasmus+" proqramı çərçivəsində tələbə təqaüdü, istər peşə təhsili proqramları çərçivəsində Azərbaycan gənclərinə öz potensialını tam gerçəkləşdirmək üçün dəstək vermək yolunu seçib. Hazırkı kampaniya gələcəkdə daha üstün iş və əmək haqqı əldə etmək naminə doğru bacarıqlar qazanmaq üçün geniş çeşiddə mövcud olan imkanlardan xəbər verir”, - Aİ səfiri vurğulayıb.

Diplomat qeyd edib ki, Aİ belə layihələri həyata keçirməyə davam edəcək, çünki Azərbaycan gənclərində belə layihələrə ciddi maraq var: “Bu gənclər Avropa ölkələrində təhsil alıb qayıdaraq Azərbaycanın inkişafına töhfə verirlər”.

Aİ rəsmisi çıxışında iqlim dəyişikliyi və prosesdə gənclərin də roluna toxunub. O xatırladıb ki, Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək: “Biz Aİ olaraq qlobal iqlim dəyişikliyi ilə mübarizədə lider kimi COP29-a ev sahibliyi edən Azərbaycanla bu konfransda ən yaxşı nəticələrə nail olacağımıza ümid edirik”.

Qeyd edək ki, Avropa İttifaqı innovasiyaları və rəqabəti dəstəkləməklə "yaşıl" və rəqəmsal texnologiyalara keçid məqsədilə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsinə yeni təkan vermək məqsədilə 2023- 2024-cü illəri "Avropa Bacarıqlar İli" bəyan edib. Bu təşəbbüs çərçivəsində baş tutan silsilə təlim və seminarların məqsədi gənc nəsli karyeranın planlanması, təhsil və tələbə təqaüdü imkanları ilə dəstəkləmək, həmçinin "startap" qurmaq və sahibkarlıq fəaliyyətinə başlamağa şövq etməkdir.

Keçən ilin sentyabr ayından başlayaraq kampaniya çərçivəsində keçirilib, xüsusilə sürətlə dəyişən əmək bazarı şəraitində bacarıqların əhəmiyyətinə rəvac vermiş tədbirlərdə, o cümlədən təhsil sərgisində, gənclər arasında bilik müsabiqəsində, praktiki seminarlarda, əmək sərgisində və digər müxtəlif toplantılarda minlərlə gəncin iştirakı təmin edilib.