14 iyun 2024 12:39
107

Füzulidə Mirzə Uluqbəy adına məktəbdə son zəng

İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün son zəng sədaları eşidilir.

“İki sahil” xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng sədaları eşidilib və bayram olaraq qeyd edilib.

465 nəfərin təhsil aldığı məktəbin 8 nəfər məzunu var. Son zəng günündə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, Elm və Təhsil Nazirinin Müavini Firudin Qurbanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivi və Füzuli şəhər sakinləri iştirak edib. Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.

Məzunların bayraq yürüşü ilə tədbirə start verilib.

Çıxış edənlər məktəb kolletkivini təbrik edib onlara uğurlar arzu ediblər. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu parlaq qələbə ilə torpaqlarımızı işğaldan azad edib. Ölkə rəhbərinin diqqət qayğısı sayəsində işğaldan azad olunan digər rayonlarımız kimi Qarabağın dilbər güşələrindən olan Füzuli torpaqlarında​ da həyat canlamağa başlayıb və bu günlər Füzuli sakinlərinin gələcək firavan günlərinin başlanğıcıdır. Vurğulanıb ki, həyatın canlandığı Füzulidə təhsil ocaqlarının sayı daha da çoxalacaq.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın açılışını etdikləri​ Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb türk dünyasının qardaşlıq rəmzlərindən biri sayılır. Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib, və milli geyimdə olan şagirdlərin rəqs nümunələri izlənilib. Məzunlar da öz növbəsində rəqs çıxışları ilə tədbirə rəng qatıblar. Daha sonra son zəng səsləndirilib məktəbin simvolik açarı digər sinif şagirdlərinə təhvil verilib. Son zəng günü bayramında tədbir iştirakçıları yallı rəqsinə qoşulublar.

Qeyd edək ki, Füzuli şəhərində sonuncu dəfə 1992-ci ildə son zəng günü qeyd edilib və həmin ildə 1975-ci il təvəllüdlü 60-a yaxın Füzulidən olan şagird son məzunlar olublar. 1993-cü ildə Füzuli ərazisi erməni hərbi birləşmələri tərəfindən mütamadi olaraq atəşə tutulduğu və işğala məruz qaldığı üçün həmin il Füzulidə son zəng qeyd edilməyib.