14 iyun 2024 13:28
648

Braziliya səfiri Bakı Ali Neft Məktəbində - FOTO

Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

“İki sahil” xəbər verir ki,  rektor Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə artıq bir neçə ildir ki, ölkə birincisidir. Həmçinin BANM ən yüksək keçid balı göstəricilərinə görə də liderdir.  Rektor Ali Məktəbin tələbələrinin transmilli neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçdiyini vurğulayıb. Bildirib ki, bu da onların ingilisdilli peşəkar kadrlar kimi yetişməsində xüsusi rol oynayır.

Elmar Qasımov BANM-in Braziliyadakı ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Səfir BANM ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkişafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub.

Braziliyalı diplomat Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirib.

Sonda səfirə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.