Fransa Prezidentinin Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında azərbaycanlı jurnalistə qərəzli davranışı bumeranq effekti verərək özünün sifətinə çırpıldı
Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) beynəlxalq səviyyədə ciddi hazırlıq görülür. Xarici QHT-lərdən ölkəmizlə həmrəylik ifadəsi olan dəstək bəyanatlarının qəbulu davam edir. Son dörd ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal qurumlar tərəfindən birgə bəyanatların qəbulu ölkəmizə maraqdan qaynaqlanır. Beynəlxalq ictimaiyyəti düşündürən problemlərin həlli üçün Azərbaycandan səslənən çağırışlara dəstək göstərən dövlətlərin sayında da artımlar hiss olunur. Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edən COVID19-la mübarizədə fəallıq göstərən, qüdrətli dövlətləri vaksin millətçiliyinə qarşı birgə mübarizəyə səsləyən, zəif inkişaf etmiş ölkələrə maddi yardımlar göstərən Azərbaycanın COP29-u da yüksək səviyyədə təşkil edəcəyi heç kimdə şübhə doğurmur. Ölkəmizə inamın təcəssümü olan bu cür bəyanatlarda Azərbaycanın liderliyi təqdir edilir. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə edilir. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin dünya siyasətinin aktual problemlərinin həllinə yönələn qlobal təşəbbüsləri böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid yeri kimi yanaşılması bunun bariz nümunələridir.
Bu günlərdə Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi olaraq maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyəti yüksək dəyərləndirilib. Tədbirdə qəbul edilən birgə Bəyanatda da ölkəmizlə həmrəylik nümayiş etdirilib. 31 ölkəni təmsil edən 102 QHT nümayəndəsinin və ictimai fəalın birgə rəyinin ifadəsi, dəstəyi olan Bonn Bəyanatında qeyd edilib ki, vətəndaş cəmiyyəti təşkilatları monitorinqlər, dialoqlar təşkil etməklə iqlim dəyişmələri danışıqlarına töhfələr verir, ictimaiyyəti məlumatlandırırlar. Bəyanatda yer alan «Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq» sözləri mühüm tədirlərə ev sahibliyi sahəsində zəngin təcrübəyə malik ölkəmizə qlobal inamın təzahürüdür.
Bəyanatda, həmçinin qeyd edilir ki, «həssas və təcrid» vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. Bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla insanın, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı çətinliklərinə xüsusi diqqətlə yanaşması inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: «Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.»
Bu tədbir dünyada nüfuzu möhkəmlənən ölkəmizə qərəzli münasibətlərə də aydınlıq gətirib. Azərbaycana beynəlxalq səviyyədə ifadə olunan bu cür yüksək əminlik Fransanın kefinə soğan doğrayıb.
COP29-a ev sahibliyi edəcək ölkəmizlə birbaşa bağlı olan tədbirə azərbaycanlı jurnalistin iştirakına Fransanın təkidilə məhdudiyyət qoyması «Avropa demokratiyası»nın təzahürü kimi narahatlıq doğurub. Məsələ ilə bağlı mövqeyini rəsmi olaraq bildirən Azərbaycan Mətbuat Şurasının Bəyanatında qeyd edildiyi kimi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirakına yol verilməməsi dərin təəssüf hissi doğurur. Fransanın təkəbbürü, sifarişi səbəbindən meydana çıxan bu insident hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaqdır. Fransanın sifarişi əsasında Azərbaycanın nüfuzlu mətbu orqanının əməkdaşı ilə bağlı yaranan insident söz və ifadə azadlığının beynəlxalq səviyyədə məhdudlaşdırılması cəhdidir.
Bəyanatda, həmçinin vurğulanır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. O cümlədən azərbaycanlı jurnalistin də toplantıda iştirakı əvvəlcədən müəyyənləşdirilib və bu məqsədlə bütün zəruri prosedurlar yerinə yetirilib. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlər qaydasında olub. Nəticədə Azərbaycanın Almaniyadakı səfirliyinin və UNFCCC Katibliyinin səyləri ilə Almaniyanın rəsmi qurumları Fransanın tələbinin əsassız olduğunu görüblər. Bundan sonra A.Həsənovanın ölkəyə daxil olmasına, tədbirdə iştirakına icazə verilib.
Fransanın Azərbaycana qarşı siyasi xarakterli, qərəzli, beynəlxalq hüquqa, adi etik normalara uyğun olmayan hərəkəti ilk olmadığı üçün təəccüb doğurmadı. Neokolonialist düşüncəsi ilə öz ölkəsində təzyiq altında saxladığı insanlara, xalqlara qarşı antidemokratik yanaşması Fransa Prezidenti Emmanuel Makronun azad sözə dözümsüzlüyünün məntiqi nəticəsidir. Fransanın bu hərəkəti bütünlükdə media dəyərlərinə, azad sözə qeyri-etik münasibətdir. Fransa nəzərə almalıdır ki, jurnalist fəaliyyətini məhdudlaşdırmaq cəhdi, eyni zamanda, demokratizmi, bəşəri prinsipləri heçə saymaqdır. Təəssüf ki, despotizm, zorakılıq, dini radikalizmə dəstək, islamofob prinsipləri əsasında idarə olunan Fransada insani dəyərlərə, beynəlxalq hüquqa hörmət çoxdan unudulub. Mətbuat Şurasının mövqeyi budur ki, Avropanın mərkəzində jurnalistə qarşı belə siyasi yanaşmanın tətbiqi mənfi presedent yaradır. Ona görə də bu cür halların təkrarlanmaması üçün lazımi tədbirlər görülməlidir. Bəyanatda belə bir əminlik ifadə edilir ki, Avropanın və dünyanın mütərəqqi qüvvələrinin səyləri, prinsipial yanaşmaları nəticəsində Fransaya münasibətdə ciddi ictimai qınaq tədbirləri həyata keçiriləcək, ölkə bir daha belə qanunsuz və qərəzli metodlara əl atmağa cəsarət göstərməyəcək”.
Makronun media nümayəndəsinə bu cür hörmətsizliyinin insanlıqdan kənar, hələ dövlət başçısına heç yaraşmayan səviyyəsizlik olduğunu diqqətə çatdırmaq üçün Prezident İlham Əliyevin saatlarla davam edən, bəzi hallarda qərəzli suallara məntiqli, ətraflı, faktlara əsaslanan cavablarının əksini tapdığı müsahibələrini xatırlatmaq yerinə düşər. Demokratiyaya, söz mətbuat azadlığına dəyər verən, siyasi əqidəsindən, Azərbaycana münasibətindən asılı olmayaraq bütün jurnalistlərə hörmətlə yanaşan Prezident İlham Əliyevlə beynəlxalq hüquqa müstəmləkəçilik, neokolonialist baxışları ilə yanaşan Makronu müqayisə etmək təbii ki, qeyri-mümkündür. Daxili və xarici siyasətini humanizm, qarşılıqlı hörmət prinsipləri əsasında formalaşdıran Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin beynəlxalq aləmdə dəstəklənməsi ölkəmizə gələn xarici jurnalistlər tərəfindən də yüksək dəyərləndirilir. Makronun azərbaycanlı jurnalistin Bonnda keçirilən tədbirdə iştirakına bilərəkdən əngəl törətməsi Almaniya rəsmilərini də düşündürməlidir. Beynəlxalq səviyyədə keçirilən tədbirin təhlükəsizliyinin təminatı, yüksək səviyyədə təşkili həmin ölkənin səlahiyyətlərinə aid olmalıdır. Makronun Almaniyada sərbəst olaraq şəxsi maraqlarına uyğun hərəkəti, sözkeçirmə iddiası Almaniyanın qanunlarına müdaxilə kimi dəyərləndirilməlidir. Dövlətə başçılığın prinsip və idarəetmə prosedurlarının nə olduğunu tam dərk etməyən, söz, mətbuat azadlığından xəbərsiz, şəxsi maraqları ilə beynəlxalq hüquq normalarını dəyişik salan Makron media ilə münasibətlərində də piyada olduğunu təsdiqlədi.
«Dördüncü Sənaye İnqilabı dövründə yeni media» adlı Şuşa Qlobal Forumundakı çıxışı ilə bu sahədə də Makronu arxada qoyduğunu yerli və xarici jurnalistlərə hörmət və etiramı ilə bildirən Prezident İlham Əliyev təkcə Azərbaycanda deyil, dünyada baş verən hadisələrlə bağlı çoxsaylı sualları əsl siyasətçi, natiq, beynəxalq hüquqa əsaslanmaqla cavablandırmışdı. «Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir» söyləyən Prezident İlham Əliyev hazırlığı, təhliletmə qabiliyyəti, geniş dünyagörüşü, liderə xas sanbalı ilə hər kəsi heyran etmişdi. İşğalçı, terrorçu dövlət olan Ermənistanla həmrəy olan neokolonialist Fransanın oxşar qaniçənlik mövqeyini dəfələrlə tənqid etmişdi.
«Ermənistanın yaxın müttəfiqləri sayılan ölkələrlə də, - işğal dövründə, mən o dövrü nəzərdə tuturam, - bizim əlaqələrimiz uğurla inkişaf etdi. Biz o ölkələrə göstərməyi bacardıq ki, onların real olaraq həm siyasi, həm iqtisadi və digər maraqları məhz Azərbaycandadır, Ermənistanda yox. Bu amil də imkan verdi ki, həmin ölkələrin ermənipərəst mövqeyinə müəyyən dərəcədə düzəlişlər edilsin» sözləri birbaşa Makrona ünvanlanıb. Amma belə çıxır ki, qozbeli qəbir düzəldən kimi, qarşıdakı günlərdə Fransada keçiriləcək Milli Assambleyaya seçkilərin nəticələri Makronu erməni sevgisindən ayıldacaq. Avropa Parlamentinə seçkilərdə qutuda qalan partiyası kimi Makron da eyni aqibəti yaşayacaq.
Xuraman İsmayılqızı, «İki sahil»