16 iyun 2024 19:01
173

Zelenski: Sülh Sammitinin bütün iştirakçıları Ukraynanın ərazi bütövlüyünü dəstəklədilər

Qlobal Sülh Sammitinin bütün iştirakçıları Ukraynanın ərazi bütövlüyünü dəstəkləyiblər.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski sammitdən sonra keçirilən mətbuat konfransında deyib.

“Zirvə toplantısında qəbul edilən kommünike bizim niyyətlərimizi tam əks etdirir və BMT Nizamnaməsinə hörmət edən hər bir ölkənin imzası üçün açıqdır”, - deyə Zelenski qeyd edib.

İlk Qlobal Sülh Sammitində 101 dövlətin və beynəlxalq təşkilatın iştirak etdiyini xatırladan dövlət başçısı tədbirin bütün iştirakçılarına sülhə doğru ilk addımları birlikdə atdıqlarına görə təşəkkür edib: “Bu, Ukrayna və bütün tərəfdaşlar üçün böyük uğurdur və bizim ədalətli məqsədimiz bütün ölkələrin bizə qoşulmasıdır”.

Ərazi bütövlüyü olmadan davamlı sülhün olmayacağını deyən Zelenski, xatırladıb ki, sammitdə nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və hərbi əsirlərin və deportasiya edilmiş şəxslərin, o cümlədən Rusiya tərəfindən qaçırılan minlərlə uşağın geri qaytarılması da daxil olmaqla üç problem ətraflı təhlil edilib: “İndi isə sammitdən sonra biz birgə işimizi daha texniki səviyyədə, məsləhətçilər və nazirlər səviyyəsində ayrı-ayrı ölkələrin rəhbərliyi və ya həmsədrliyi ilə xüsusi görüşlər formatında davam etdirməyi təklif etdik və razılaşdıq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”