21 iyun 2024 00:58
929

Tarixi zərurət

Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar.

Hazırda Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər və Rusiya işğalı dövrlərinə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Oradakı Dəmir Bulaq məscidi yerlə-yeksan edilib, Göy məscidin isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olunub. Rəcəb Paşa məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi tamamən dağıdılmışdır.

Bunlarla yanaşı, XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi ərazidə olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmişdir. İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi miqyas almış və 1991-ci ildə müstəqil Ermənistan Respublikası yaradıldıqdan sonra bu proses başa çatmışdır.

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilir ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Artıq dünya bilir və anlayır ki, regionda Azərbaycanın diktəsi keçərlidir və onun imperativləri yerinə yetirilir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır.  Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir.

Hazırda isə tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə Prezident İlham Əliyev onların əzəli torpaqlarına qayıtmalı olduqlarını qətiyyətlə söyləmişdir: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq bu istiqamətdə hərtərəfli işlər gedir.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana qayıdış məsələlərinə həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” mövzusunda Buxarest Forumu keçirilib. Forumda Buxarest şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin, akademik dairələrin nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.

Tədbirdə çıxış edən “Gənclərin təşəbbüsünə və inkişafına dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili forumun məqsədini açıqlayıb. Tarixi faciələrin mütəmadi şəkildə xatırlanmalı olduğuna diqqətçəkən Toğrul Allahverdili bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün dünyanın uzun illərdən bəri məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb.

Rumıniya Amerikan Universitetinin rektoru, professor Kostel Negricea və Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Assosiasiyasının prezidenti Vasile Simileanu çıxışlarında azərbaycanlıların geri qayıtmasının mümkün olacağına ümidvar olduqlarını dilə gətiriblər.

Forumda “Qaçqınlar probleminə Avropa yanaşması və həlli yolları” adlı paneldə qaçqınların üzləşdiyi problemlər, onların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nigar Orucova, “İki sahil”