21 dekabr 2017 14:37
1157

Prezident İlham Əliyevin dövlətçilik siyasətində İslam həmrəyliyi ideyasının yeri və rolu

Müşahidələr göstərir ki, bu gün dünyada ziddiyyətli proseslər baş verməkdədir. Belə ki, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar, etnik, siyasi konfliktlər, antisemitizm, islamofobiya, ksenofobiya halları, separatçılıq, terrorizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşanır.

Məsələn, dünyanın müxtəlif bölgələrində, o cümlədən Yaxın Şərqdə, Suriyada, Fələstində, İraqda, Türkiyədə, Əfqanıstanda, Myanmada və s. ölkələrdə səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri hazırkı şəraitdə müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan ümumbəşəri faciələrdir. Belə vəziyyətdə dövlət xadimlərinin, elm adamlarının, aparıcı dünya dinlərinin həmrəylik, sülh çağırışlarına, dinlərarası və mədəniyyətlərarası dialoqa ciddi ehtiyac vardır.

Məhz bu baxımdan müasir dünyada baş verən ziddiyyətlərin getdikcə kəskinləşdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etmişdir. Prezident İlham Əliyevin bu cəsarətli qərarı, nəinki İslam aləminə, eləcə də bütün dünyaya zamanın tələblərinə cavab verən xoşməramlı mühüm bir çağırışdır.

Cənab İlham Əliyev İslam həmrəyliyinin fəlsəfəsini məntiqi cəhətdən ümumiləşdirərək qısa şəkildə aşağıdakı kimi şərh etmişdir: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”. Dövlətimizin başçısının 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin qlobal əhəmiyyət daşıması da məhz bununla şərtlənir.

Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı çağırışını ulu öndər Heydər Əliyevin hələ XX əsrin 90-cı illərinin əvvəllərində irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır.

Məlumdur ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra həm, İslam ölkələrini birləşdirən beynəlxalq təşkilatların (İslam Əməkdaşlıq Təşkilatı və s.), həm də digər beynəlxalq təşkilatların (Avropa Şurası, Avropa İttifaqı və s.) fəaliyyətində həmişə fəal iştirak etmişdir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan Respublikası İslam dünyası ilə Qərb dünyasının bir-birinə yaxınlaşmasına da öz töhfəsini vermişdir. Məsələn, İslam dünyası ilə Qərb dünyasının sosial-mədəni əlaqələrinin genişlənməsində mühüm rol oynayan Azərbaycanın son illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına ev sahibliyi etməsi yuxarıda dediklərimizə əyani sübutdur. Bildiyimiz kimi, Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2008-ci ildən Bakıda keçirilməsi artıq “Bakı prosesi” adı ilə tarixə düşmüşdür.

“Bakı Prosesi”ni Prezident İlham Əliyevin ölkəmizin xarici siyasətində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri hesab etmək olar. Çünki “Bakı Prosesi” ölkəmizin İslam dünyası ilə Qərb dünyası arasındakı əməkdaşlıq əlaqələrində mühüm rol oynamışdır.

Ümumiyyətlə, Azərbaycan Respublikası müsəlman ölkələri ilə beynəlxalq münasibətlər sahəsində həmişə geniş əməkdaşlıq əlaqələri qurmuş və bu fəaliyyəti daim genişləndirməyi üstün tutmuşdur. Xüsusən İslam həmrəyliyinin gücləndirilməsi işində Azərbaycan həmişə öz töhfəsini vermiş və əməli cəhətdən də bu sahədə ictimai həyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tutmuşdur. Müsəlman ölkələri ilə qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişlənməsindən bəhs edən Prezident İlham Əliyev hələ 2013-cü ildə çıxışlarının birində bu haqda demişdir: “Azərbaycan, eyni zamanda, İslam həmrəyliyinin gücləndirilməsi işinə də öz töhfəsini verir və gələcəkdə bunu davam etdirəcəkdir. Son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda nazirlər səviyyəsində beş konfrans keçirilmişdir. Eyni zamanda, bu yaxınlarda Bakıda Fələstinə yardım məqsədi ilə donor konfransı keçirilmişdir. Biz bu sahədəki səylərimizi bundan sonra da davam etdirəcəyik. İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi dəstək, Azərbaycanda görülmüş işlərə verdiyi qiymət bizi sevindirir və ruhlandırır. Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, İslam həmrəyliyi məsələlərində çox fəaldır. Biz bundan sonra da çalışacağıq ki, İslam aləmində birliyi daha da möhkəmləndirək. Buna böyük ehtiyac vardır, çünki, bizim gücümüz birliyimizdədir. Biz daim bütün məsələlərdə bir-birimizə dəstək verməliyik”.

İslam həmrəyliyini formalaşdırmaq və onu daha da dərinləşdirmək üçün İslam aləminin mədəniyyətini təşviq etməyi zəruri hesab edən Prezident İlham Əliyev İslamı dünyada təhlükə mənbəyi kimi qələmə verənlərə qarşı mübarizəni gücləndirməyi irəli sürərək bu haqda demişdir: “Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə dini kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalı və səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün fəal olmalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi müsəlman ölkələri arasında böyük marağa səbəb olmuşdur. Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı bu çağırışına müsəlman ölkələrinin nümayəndələrinin diqqət yetirməsi və müsbət reaksiya verməsi indiki şəraitdə həmin çağırışın qlobal əhəmiyyət daşımasından irəli gəlir. Bu baxımdan bir çox müsəlman ölkələrinin nümayəndələri kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin “İslam Həmrəyliyi” təşəbbüsünü yüksək qiymətləndirərək bu çağırışa adektav reaksiya verməklə öz münasibətlərini bildirmişlər.

Məsələn, Birləşmiş Ərəb Əmirliyi Prezidentinin hüquq və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əli ben Əl-Sayid Əbdülrəhman əl Haşimi AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Prezident İlham Əliyevin İslam həmrəyliyi çağırışının əhəmiyyətindən bəhs edərək demişdir: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olduqca dolğun, hərtərəfli düşünülmüş təşəbbüsdür və şübhə yoxdur ki, bu təşəbbüs müsəlman ölkələri və onların xalqları tərəfindən dəstəklənəcək”.

Müsahibə zamanı müsəlman ölkəsinin rəsmi nümayəndəsi kimi Əl Haşimi terror və aqressivçiliyin müsəlmanlara aid olmadığını vurğulayaraq İslamın sülhə, həmrəyliyə, dostluq və əməkdaşlığa, ümumbəşəri əxlaqi dəyərlərə çağıran bir din olduğunu qeyd etmişdir. O, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini nəcib bir təşəbbüs kimi qiymətləndirdiyini bildirərək demişdir: “Terrorizm, düşmənçilik, aqressivçilik kimi hallar müsəlmanlara xas deyil, əksinə müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə çağırırlar. Bütün bunlar sabitliyin, təhlükəsizliyin, quruculuğun və ümumi rifahın rəhnidir. Bir daha qeyd etmək istəyirəm ki, mən Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi barədə nəcib təşəbbüsünü alqışlayıram və yüksək qiymətləndirirəm”.

Digər müsəlman ölkəsi olan Misirin Ali Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin baş direktoru Bağdadi İmam AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Sözsüz ki, bu təşəbbüsdə birliyə nail olmağın, vahid mövqedən çıxış etməyin zəruriliyi barədə İslam dünyasına bir müraciət var. Azərbaycan Prezidenti İlham Əliyevin dərin hörmətə və təşəkkürə layiq olan təşəbbüsü vaxtında irəli sürülüb, çünki İslam dünyasında bir sıra məsələlər üzrə fikir ayrılığı və ziddiyyətlər mövcuddur, bəzi ölkələr milli və dini zəmində münaqişələrə cəlb edilib. Azərbaycan tərəfindən bu çağırış müsəlman ölkələrinin yaxınlaşmasına, bütün istiqamətlər, o cümlədən siyasi, iqtisadi, ictimai və digər məsələlər üzrə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. Bu təşəbbüs İslam dəyərlərinin yayılmasına böyük töhfə verərək, habelə terrorizm və ekstremizm kimi neqativ halların aradan qaldırılmasına müsəlman aləmi və digər ölkələr arasında qarşılıqlı anlaşma və əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Bir sözlə, bu təşəbbüs dostluq və qardaşlığın yüksək ideyalarına xidmət edir”.

“Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsü İslam dünyası üçün mühüm əhəmiyyət daşıyır” deyən İran İslam Respublikasının İRNA informasiya agentliyinin baş direktoru Məhəmməd Xoddaqi qeyd edib ki, bu gün İslam dünyasında həmrəyliyə çox böyük ehtiyac duyulur. Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, bu təşəbbüs müsəlmanlarla birgə məqsədlərə çatmaq, iqtisadi inkişaf, qarşılıqlı əməkdaşlıq, sülh və siyasi təhlükəsizlik üçün əsaslı zəmin yaradır, dostluq və qardaşlıq üçün yol göstərir.

İranın Azərbaycandakı sabiq səfiri Əhəd Qəzayi də Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi çağırışını yüksək dəyərləndirmişdir. O, bu barədə AZƏRTAC-a müsahibələrində demişdir: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dövlət başçısının vaxtında və dəqiqliklə atdığı addımlardan biridir”. Əhəd Qəzayi bildirmişdir ki, bu gün dünyada yaşayan bütün müsəlman xalqlarının birliyə və həmrəyliyə böyük ehtiyacı var. Xalqların yaxınlaşması və həmrəyliyi yalnız fayda verə bilər. Həmrəylik dostluğun və qardaşlığın əsasıdır... “Mən bir müsəlman kimi bu təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Ulu Öndər tərəfindən irəli sürulən İslam birliyi, İslam həmrəyliyinin möhkəmləndirilməsi ideyasını davam etdirən Prezident İlham Əliyev müsəlman ölkələrinin daha sıx birləşməsi, müsəlman aləminin qarşısında duran problemlərin həll olunması, bu ölkələrdə sülh, əmin-amanlığın bərqərar olması üçün bütün səyləri birləşdirməyi həmişə irəli sürmüşdür. Müsəlman ölkələrində birlik və həmrəyliyə nail olmağın əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev bu haqda demişdir: “Əlbəttə, biz çalışmalıyıq ki, bütün müsəlman aləmi daha da sıx birləşsin, qarşımızda duran problemlər həll olunsun, gələcəkdə bir-birimizə daha da böyük dəstək verə bilək. Biz istəyirik ki, bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq olsun, qan tökülməsin, vətəndaş müharibəsinə yol verilməsin”.

Azərbaycan öz növbəsində İslam dünyasında mövcud olan problemlərin həllinə aşağıdakı istiqamətdə öz töhfəsini vermişdir:

1. Azərbaycan 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na ev sahibliyi etmişdir və bu məqsədlə ciddi məbləğdə maliyyə yardımı ayırmışdır.

2. Azərbaycan “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfransa ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır.

3. Hazırda dünyada multikulturalizm və tolerantlığın mərkəzlərindən biri kimi tanınan ölkəmiz multikulturalizmin yeni və mütərəqqi nümunəsi olan Azərbaycan modelini irəli sürmüşdür.

4. Azərbaycan islamofobiyaya qarşı açıq şəkildə çıxış edir və dünyada İslam həmrəyliyini təbliğ etmək üçün ardıcıl iş aparır.

5. Azərbaycan Fransada məhşur Luvr müzeyində İslam bölgəsinin təşkilində fəal iştirak etmiş və Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olmuşdur.

6. İSESCO-nun dəstəyi ilə Bakı şəhəri 2009-cu ildə “İslam Mədəniyyətinin Paytaxtı” elan edilmiş, 2018-ci ildə isə bu şərəfli ada Naxçıvan şəhəri layiq görülmüşdür.

Bütün bunlar Azərbaycanın İslam dünyası ilə həmrəyliyinin nəzəri və əməli cəhətdən genişləndiyini göstərən maraqlı faktlardır. Bu faktlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev dövlətçilik siyasətində İslam həmrəyliyi ideyasının əhəmiyyətinə daim önəm verir və Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir.

Faktlar göstərir ki, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsindən sonra Azərbaycan Respublikasının dövlət siyasətində İslam həmrəyliyi ideyası daha geniş yer tutmaqdadır.

Məsələn, 6 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Sərəncamında göstərilir:

“1. 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin.

2. Müəyyən edilsin ki,:

2.1. Bu Sərəncamın birinci hissəsində nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır;

2.2. Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir”.

Prezident İlham Əliyevin Sərəncamından da göründüyü kimi, İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi Proqramı çərçivəsində təhsil müəssisələrində təhsil üçün qrant təsis edilməsi islam həmrəyliyi ideyasının təşviqinə, eyni zamanda, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verə bilər.

Biz Prezidentimiz cənab İlham Əliyevin bəşəri həmrəyliyə çağırışının bundan sonra da nəinki müsəlman ölkələrində, eyni zamanda, qeyri-müsəlman ölkələrində geniş rezonans doğuracağına tamamilə əminik. Çünki planetimizdə sülh və əmin-amanlığın yolu millətlərarası və dinlərarası dialoq və həmrəylikdən keçir.

Sakit Hüseynov,

AMEA-nın Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru