22 iyun 2024 13:34
259

COP29: İqlim danışıqları üzrə marafonu noyabrda uğurla başa çatdırmaq niyyətindəyik

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyindəki hər üç əsas məsələ, şübhəsiz ki, Afrika ölkələri üçün də vacibdir.

“İki sahil” xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Sultanov “CNBC-Africa”ya müsahibəsində deyib.

Qarşıdan gələn sammitin əsas istiqamətləri Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG), karbon bazarlarına dair 6-cı Maddə, İtki və Zərər Fondudur.

E.Sultanov bildirib ki, noyabrda Bakıda keçiriləcək konfrans əsasən iqlim maliyyəsi məsələlərinə həsr olunacaq: “Bu mövzunun əhəmiyyəti sözsüzdür. Gündəmdə olan üç əsas məsələ əvvəllər razılaşdırılmış 100 milyard dollarlıq iqlim maliyyəsinin məbləğinin artırılması, karbon bazarı ilə bağlı 6-cı Maddə və bəzi bazar əsaslı yanaşmalardır. Bu da iqlim maliyyəsinin bir aspektidir. İtki və Zərər Fondu məsələsi də buraya daxildir”.

COP29-un baş icraçı direktoru Bonn iqlim konfransı zamanı gündəliyin qəbulunu irəliyə doğru atılmış mühüm addım adlandıraraq, indiyədək əldə edilmiş irəliləyişlərlə bağlı nikbinliyini ifadə edib: “Bununla belə, xüsusilə iqlim böhranını həll etmək üçün iddialı və ədalətli maliyyə öhdəliklərinə nail olmaqla bağlı problemlər qalmaqdadır”.

Onun sözlərinə görə, davam edən danışıqlar COP29-un uğurunu və bütün iştirakçı tərəflərin öhdəlik səviyyəsini müəyyən etmək üçün çox vacibdir: “Yeni Kollektiv Kəmiyyət Məqsədinə (NCQG) gəlincə, gözləntilər daha yüksək idi, lakin bu, yeni başlayan marafondur. Biz sürət toplamaq və prosesi noyabr ayında uğurla başa çatdırmaq niyyətindəyik”.