Bakı şəhərinin cari ilin yanvar-may ayları üzrə sosial-iqtisadi inkişafına yekun vurulub. Aşağıdakı icmalda nəticələr öz əksini tapıb.
Sənayenin inkişafı haqqında
Bu ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22 milyard manat təşkil edib. Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,7 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2024-cü il vəziyyətinə 543,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 37 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Tikintinin əsas göstəriciləri
2024-cü ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,3 faizini əsaslı təmir, 4,6 faizini cari təmir, 5,4 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Məhsul bazarı
Bu müddətdə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12537,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5858,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
İctimai iaşə
Bu müddətdə ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 600,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 332,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 55,4 faizini təşkil edib.
Ödənişli xidmətlər
Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 3004,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2730,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 90,9 faizini təşkil edib.
Əməkhaqqı
Bu müddətdə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1282,6 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi