İclasda quşçuluq sektorunun inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də müxtəlif şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi ölkədə quşçuluq sektorunun mövcud vəziyyətini təhlil etmək, bu sahədəki çağırışları və inkişaf istiqamətlərini müzakirə etmək, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlar üçün yeni imkanların müəyyənləşdirilməsi olub.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə heyvandarlıq sektorunun strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Nazir bildirib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar, subsidiya mexanizmləri, investisiya layihələri və fermerlərə göstərilən dəstək quşçuluq sektorunun davamlı inkişafına yönəlib.
Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq təcrübədən faydalanmanın sektorun inkişafında əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə öz növbəsində quşçuluq məhsullarının idxal-ixrac əməliyyatlarında şəffaflığın artırılması, yerli istehsalçılar üçün gömrük prosedurlarının sadələşdirilməsi və ixrac potensialının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli aqrar sahədə sahibkarlığın inkişafı, investisiya təşviqi mexanizmləri və quşçuluq sənayesində əlavə dəyər zəncirinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev “Quşçuluq sektorunun inkişafı üzrə dövlət siyasəti: Hədəflər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda quşçuluq sahəsinə göstəriləcək dövlət dəstəyi, planlaşdırılan proqramlar və inkişaf hədəfləri barədə məlumat verilib.
Daha sonra Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli və “Siyəzən” Broyler ASC-nin direktoru Cavid Abbasov “Quşçuluq sektorunun inkişafına dair təkliflər” mövzusunda təqdimatla çıxış ediblər. Onlar quşçuluq sahəsində özəl sektorda mövcud vəziyyət, çətinliklərin həlli yolları və dövlətlə əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflərini səsləndiriblər.
Tədbirdə quşçuluq sektorunun mövcud çağırışları, beynəlxalq təcrübənin tətbiqi imkanları, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.