27 iyun 2024 12:30
839

Rövşən Nəcəf: SOCAR universal enerji korporasiyasına çevrilmək üçün fəal işləyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yalnız neft-qaz şirkətindən bərpa olunan enerji mənbələrini özündə birləşdirən universal enerji korporasiyasına çevrilmək üçün fəal işləyir.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün keçirilən “Baku ID” (Baku Investment Day) festivalında deyib.

“Şirkət Azərbaycanın və ölkə tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün neft və qaz hasilatını davam etdirir, ancaq bunu davamlı inkişafı nəzərə alaraq həyata keçirir”, - o bildirib.

R.Nəcəf qeyd edib ki, dayanıqlılığa nail olmaq üçün SOCAR investisiya və satınalma qərarlarından başlayaraq bütün proseslərində karbonsuzlaşdırma və CO2-nin azaldılmasını həyata keçirir.

Xatırladaq ki, SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşularaq 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi kimi öhdəliklər götürüb.