29 iyun 2024 17:41
222

Bilgəhdə sahil zolağı tullantılardan təmizlənib

Bu gün Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşlarının, Sabunçu rayon İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC, “Facility Management Group” şirkəti, “Qırmızı ürəklər” Fondu, “Nargis” jurnalı, “Coca Cola” şirkəti , “EcoHub” ekoloji platforması nümayəndələrinin, eləcə də ekokönüllülərin iştirakı ilə keçirilən təmizlik aksiyası zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.

“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.