29 sentyabr 2026 17:37
89

“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin aparıcı məsul şəxsləri, məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər məişət zorakılığı hallarının profilaktikası, zərərçəkmiş şəxslərin hüquqi və psixoloji müdafiəsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Çıxışlarda xüsusilə mühafizə orderinin (qısamüddətli və uzunmüddətli) tətbiqi mexanizmləri, bu sənədin verilmə qaydaları, hüquqi əsasları və zorakılıq törətmiş şəxslərə qarşı müəyyən edilən məhdudiyyətlər iştirakçıların diqqətinə çatdırılıb.

Bildirilib ki, mühafizə orderinin verilməsi üçün təqdim olunan müraciət üzrə mütləq qaydada müvafiq araşdırma aparılır və real təhlükə faktı müəyyən edildikdə order təmin olunur. Araşdırma prosesində tərəflərin dinlənilməsi, zorakılıq riskinin dəqiq qiymətləndirilməsi və hüquqi əsasların mövcudluğu xüsusi nəzərə alınır ki, bu da həm əsassız müraciətlərin verilməsinin qarşısını alır, həm də həqiqətən ehtiyacı olan şəxslərin operativ mühafizəsini təmin edir.

Yekunda mövzu ətrafında geniş diskussiya aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.