03 iyul 2024 16:17
562

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirən şəxslərin məhkəməsi olub

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Nuridə Seyidova ifadə verib.

Nuridə Seyidova qurduqları şirkət və xəstələrdən pulu necə aldıqları haqqında danışıb.

Hakim Azad Məcidov 36 nəfərin şikayət ərizəsi ilə müraciət etməsinə baxmayaraq zərərçəkənlərin 100-lərlə olduğunu bildirib.

Məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib. Hakim deyib ki, vergi xidmətinə sorğu göndəriləcək. Sorğuya əsasən "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin vergi bəyannamələri, mədaxil çekləri barədə məhkəməyə məlumat verilməsi tələb olunub.

Növbəti prosesi iyulun 10-da davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın vəsaiti mənimsəyərək dələduzluq ediblər.