04 iyul 2024 02:49
241

Fransa Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını istəmir

Qırx dörd günlük müharibədə Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransanın öz geosiyasi maraqları naminə Ermənistanı silahlandırması bölgədə sülhü və təhlükəsizliyi təhdid edir. Gercəklik odur ki, Silahlı qüvvələrimizin 2023-cü   il sentyabrın 19-20-də Qarabağda lokal antiterror tədbirləri keçirərək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması, ölkəmizin suverenliyini bərpa etməsi rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini daha da gücləndirib. 2024-cü il fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar səsləndirməsi bunun əyani təsdiqidir.

Fransa Azərbaycana qarşı qərəzli siyasətini hələ də davam etdirir. Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa Ermənistanı silahlandırır, müharibəyə təhrik edir. Rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına əngəl törədir, ardıcıl olaraq sülh üçün yaranmış imkanları məhdudlaşdırmağa çalışır. Daim insan haqlarından, demokratiyadan dəm vuran Fransada dini və etnik məsələlərdə diskriminasiya, islamofobiya, miqrantlara nifrət, rasizm, artıq özünün pik nöqtəsinə çatıb. Bu gün rəsmi Parisin başqa etnik və dini qruplara baxışı daha çox assimilyasiya siyasəti üzərində qurulub. Bu, özünü xristian olmayan dini qruplara baxışda açıq-aşkar göstərir. Bu ölkədə fərqli etnik və dini qruplar “ümumfransız” kimliyinin içərisində əridilməyə çalışılır, fərqliliklər gözardı edilir. Belə ki, Fransa dövlətinin xüsusən müsəlmanlara qarşı diskriminasiya siyasətində bu mövqenin təzahürləri bariz şəkildə özünü göstərir.

Fransa Bundan əvvəl də ATƏT-in Minsk qrupunun həmsədri olaraq ötən illər ərzində keşmiş Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasında heç bir addım atmayıb. Ölkəmizin başçısının bildirdiyi kimi, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə bu təşkilatın üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Fransa keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bu təşkilatdakı fəaliyyəti çərçivəsində hər zaman qeyri-obyektiv mövqe sərgiləyib. 

Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına müsahibə zamanı Fransanın ünvanına ciddi tənqidlər səsləndirib. C.Uorlik tərəflərin sülhə yaxın olduğu dövrdə Fransanın Ermənistanı silahlandırmasını təxribatçı element adlandırıb. Bundan əvvəl isə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib. O, bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. E.Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər.

 Yelisey sarayı kolonializmi yalnız öz keçmiş müstəmləkələrində, zor gücünə hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqazda davam etdirmək niyyətindədir. Rəsmi Paris bu gün də Cənubi Qafqazda sülh səylərini, sabitliyi pozmağa yönəlmiş siyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır, militarizmi təhrik edir.

Cənubi Qafqazda öz neokolonializm siyasətini reallaşdırmaq istəyən Fransa unutmamalıdır ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edir. Bu reallıqlardan biri, bəlkə də birincisi bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Fransadan fərqli olaraq Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. 

Zahid Rza, “İki sahil”