04 iyul 2024 01:51
240

Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından çox vacib platforma - ŞƏRH

Prezident İlham Əliyevin təkcə kəmiyyət  deyil,  yeni strateji hədəflərin  müəyyənləşdirilməsi baxımından da cəlbediciliyini qoruyan   Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirgə görüşündə iştirakı dünyada sülhün, regionda sabitliyin qorunmasında maraqlı olan  Azərbaycana artan marağın,  oxşar dəyərlərə sadiqliyin  ifadəsidir

Müstəqilliyini bərpa etdikdən sonra  suveren ölkə kimi,  xarici siyasətini  dövlətçilik mənafeyini və  milli maraqlarını qorumaqla   bütün dövlətlərlə, nüfuzlu  təşkilatlarla qarşılıqlı əməkdaşlıq, beynəlxalq hüquq normalarına ehtiram, qonşuların suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri  əsasında quran və ənənəni sədaqətlə  davam etdirən Azərbaycan dünya siyasətinin aktual problemlərinin, regional  məsələlərin həllində, önəmli təşəbbüslərdə iştirakı ilə də fərqlənir, Cənubi Qafqazda sabitliyin qarantı kimi tanınır.  Birləşmiş Millətlər Təşkilatında  uğurla təmsil olunan ölkəmiz NATO və Avropa təsisatları ilə də  əməkdaşlığı  qarşılıqlı münasibətlər, eləcə də anti-terror koalisiyası tərkibində  davam etdirir.

Hazırda Azərbaycan  müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, Avropa dövlətlərinin enerji təhlükəsizliyinə  töhfə verən qüdrətli  güclü aktor, regional güc mərkəzi kimi qəbul edilir, sivilizasiyalararası körpü rolunu uğurla davam etdirir. Beynəlxalq əlaqələrini genişləndirən   ölkəmizin dünya birliyinə  uğurlu inteqrasiyası  Azərbaycanın geniş coğrafiyanı əhatə edən  diplomatiyasının dəstəklənməsidir.

Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın gücləndirilməsində , ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə  daha böyük vəzifələr düşdüyü müasir dünyamızda  Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son illərdə beynəlxalq arenada nüfuzunun artması  quruma maraqdan qaynaqlanır. Əsas fəaliyyət istiqamətlərindən olan regional təhlükəsizliyin təmin edilməsi, terrorizmə, separatizmə və ekstremizmə qarşı mübarizədə fəal rol oynayan təşkilat  "Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında" 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyasının tələblərindən irəli gələn prinsiplər əsasında  fəaliyyətini uğurla davam etdirir. İqtisadi güc mərkəzinə çevrilmək naminə   səylərini artıran ŞƏT-in  «Böyük yeddiliyin” alternativi» adlandırılması da təsadüfi deyil.

2001-ci ildə  Şanxayda təsis olunan qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra  təşkilat üzvlərinin sayı 9-a çatdırılıb. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər sırasındadırlar. Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə təşkilatın dialoq tərəfdaşlarıdır. Dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli  əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin möhkəmləndirilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi prinsiplərə sadiqlik   təşkilatın nüfuzunu daha da artırır. 

ŞƏT-in iki daimi orqanı fəaliyyət göstərir ki, bunlardan biri Pekində yerləşən Katiblik, digəri Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturdur.  Müşahidəçi və dialoq tərəfdaşları olan ölkələr də nəzərə alınsa, onda dünya iqtisadiyyatının yarısının  payına sahiblik edən  ŞƏT  demoqrafik baxımdan bir çox beynəlxalq təşkilatlardan üstünlüyünü qoruyur.

Heç bir bloka daxil olmaması,  fəaliyyətinin üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınması prinsiplərinə sadiqliliyi  göstərir ki, təşkilat təkcə kəmiyyət baxımından deyil, həm də yeni strateji hədəflərin  müəyyənləşdirilməsi baxımından da cəlbedicidir.

Dünyada sülhün, bölgədə sabitliyin tərəfdarı olan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verməsi oxşar dəyərlərə sadiqliyin göstəricisidir.

ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır.   Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Orta Dəhliz layihəsinin əsas tərəfdaşlarından olması, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu  əlverişli nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.

Zəngəzur dəhlizinin açılmasında maraqlı olan  ŞƏT -ın ölkəmizlə əməkdaşlığa böyük önəm verməsi quruma daxil olan dövlətlərin xarici siyasətinə, nəqliyyat –logistika sferasının genişlənməsinə də uyğundur. ŞƏT-in Səmərqənddə keçirilən Sammitində  dəhlizlə bağlı fikirlərini  «Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev ” İkinci  Qarabağ müharibəsində  qazandığımız Zəfəri Cənubi Qafqazda  nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını da bildirib. ŞƏT Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da çox vacib platformadır.   Təsadüfi deyil ki,  təşkilata Qərb dövlətləri tərəfindən də maraq artmaqdadır.

ŞƏT dövlətlərin vahid mövqeyini əks etdirən  Səmərqənd Bəyannaməsi qurumun coğrafiyasının genişlənəcəyinə , əməkdaşlığın dərinləşəcəyinə əminliyi daha da artırır. Ən başlıcası isə təşkilatın  fəaliyyət istiqamətlərinin Azərbaycanın maraqlarına tam cavab verməsidir.   Təşkilata üzv  dövlətlərlə münasibətlərin qarşılıqlı maraq əsasında inkişafı  ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün  Prezident İlham Əliyev iyulun 3-də Astanaya səfəri münasibətləri daha da genişləndirəcək.

Xəbər verildiyi kimi, «ŞƏT+» formatında keçiriləcək toplantıda  16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında güclənən  nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. «Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq»” mövzusuna həsr olunan  Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.  Ölkəmizin beynəlxalq müstəvidə rolunun  artdığı, nüfuzunun möhkəmləndiyi,  sivilizasiyalararası dialoq məkanı adın doğrultduğu, multikultural dəyərlərə sadiqliyinin, tolerantlıq ənənələrinin təbliğ olunduğu, dəstəkləndiyi bir məqamda  Prezident İlham Əliyevin  təşkilata sədrlik edən  qardaş ölkəyə,  Qazaxıstana səfəri, belə mötəbər Sammitdə iştirakı ölkəmizin özünü doğruldan  diplomatiyasına əlavə divident qazandırır.

Dövlət başçımızın bu cür nüfuzlu  beynəlxalq platformada  növbəti dəfə iştirakı ölkəmizin sülh, sabitlik, tərəqqi, dini radikalizmə, beynəlxalq terrora qarşı mübarizədə  qətiyyətlə davam etdirdiyi siyasətə tam uyğundur.  Daha dəqiq ifadə edilsə, təşkilata üzv dövlətlərlə  ikitərəfli əməkdaşlığa böyük önəm verən    Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir.  Xatırladaq ki,  Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən qonaq ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verildiyini bildirib. Beləki, bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Prezident  İlham Əliyevin düşünülmüş siyasəti ilə Azərbaycanın ŞƏT-in müşahidəçi statusu alması  qurum, eyni zamanda  ölkəmiz üçün önəmlidr. Gənc müstəqil dövlət olmasına baxmayaraq,  dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma olduğunu sübut edən, 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyi ilə  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən, Qoşulmama Hərəkatına uğurla sədrlik edən, COVID-19 pandemiyası dövründə «peyvənd millətçiliyi»nə qarşı mübarizə çağırışı ilə tolerantlıq missiyasını yerinə yetirən ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi ilə bağlı   qərarın beynəlxalq səviyyədə, yekdiliklə dəstəklənməsi Prezident İlham Əliyevin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Eyni zamanda  ölkəmizin siyasi, iqtisadi, humanitar platforma rolunu uğurla  davam etdirməsinin nəticəsidir. Dövlət başçımızın  Astana Sammitində iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə  dünya ictimaiyyətinə çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir. Azərbaycanın mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin  əsas iştirakçılarından olması təşkilatla Azərbaycanın  mövqelərini daha da yaxınlaşdırır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Xatırladaq ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın təşəbbüsü, sərmayələri hesabına reallaşıb. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş ərazini əhatə edən  ölkələr arasında əməkdaşlığın  inkişafı baxımından unikal imkanlar təqdim edir.

Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.

Göründüyü kimi, Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzunun, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsinin məntiqi nəticəsi olan  Azərbaycanın  ŞƏT ilə daha sıx əməkdaşlığını şərtləndirən amillərin əksəriyyəti beynəlxalq əhəhmiyyətli məsələlərdir. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondu da ŞƏT ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verir. Fondun təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə  dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub.  Ən önəmlisi budur ki, N.Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Astana zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor kimi tanındığını  və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir.

Xuraman İsmayılqızı, «İki sahil»